Ali məktəblərə imtahansız qəbul olunmaq üçün 58 nəfər sənəd verib
26 İyun 2010 Şənbə 11:50
Azərbaycanda ali məktəblərə imtahansız qəbul olunmaq üçün iyunun 1-dən başlayan sənəd qəbulu başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, müsabiqəsiz sənəd qəbulu üçün 54 dünya və Avropa çempionu, musiqi müsabiqələri üzrə 3, rəsm üzrə 1 nəfər qalib müraciət edib. Sənədlərin bəziləri artıq qismən araşdırılıb. TQDK iyunun 22-dək müraciət edən idmançıların iştirak etdiyi yarışların siyahısını Gənclər və İdman Nazirliyinə təqdim edib. Nazirlik tərəfindən TQDK-ya verilən cavabdan məlum olub ki, iyunun 22-dək sənəd verən idmançıların təqribən 20-nin iştirak etdiyi yarış adıçəkilən nazirlik tərəfindən qəbul edilməyib. Artıq TQDK iyunun 22-dən 25-dək sənəd verənlərin iştirak etdiyi yarışların siyahısını Gənclər və İdman Nazirliyinə təqdim edərək onların qəbul edilib-edilməyəcəyini öyrənəcək. Yarışlar Nazirlik tərəfindən qəbul edildikdən sonra Nazirlər Kabineti tərəfindən də təsdiqlənəcək.

Komissiyadan bildirilib ki, musiqi müsabiqələri üzrə sənəd verən 3 nəfərdən 2-nin, rəsm üzrə sənəd 1 nəfərin iştirak etdiyi müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin təqdim etdiyi siyahıya uyğun gəlir.

Sənədləri müsbət qəbul edilənlər müsabiqədənkənar ali məktəblərin dövlət sifarişli plan yerlərinə yerləşdiriləcək.

Musiqi və rəsm sahəsi üzrə müraciət edənlərə III ixtisas qrupu üzrə imtahan başlayana - yəni iyunun 4-dək, idmançılara isə IV qrup üzrə imtahanlar başlayanadək - iyunun 17-dək cavab veriləcək.

Qeyd edək ki, ali məktəblərə imtahansız qəbul olmaq üçün indiyədək heç bir dünya fənn olimpiadası qalibi müraciət etməyib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar