ADU qış imtahanları yoxlanılacaq
17 Yanvar 2011 Bazar Ertəsi 15:40
ADU qış imtahanları yoxlanılacaq. Təklif və şikayətləri qəbul etmək üçün müvafiq qutular açılıb.
Azərbaycan Dillər Universitetində monitorinq aparılıb. Universitetin mətbuat xidmətindən ANS PRESs-ə verilən məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi tərəfindən aparılan monitorinq ADU-da qış imtahan sessiyasının gedişi ilə bağlıdır. Monitorinqdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Şəbəkəyə daxil olan Korrrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov və İctimai Münasibətlər və Cəmiyyətin İnkişafı Mərkəzinin rəhbəri Əhməd Abbasbəyli iştirak edib.

Tərcümə fakültəsində keçirilən Xarici dil və Ölkəşünaslıq imtahanlarının monitorinqi zamanı çıxış edən ADU-nun rektoru Səməd Seyidov universitetdə keçirilən imtahanlar barəsində qonaqlara məlumat verib. İmtahan nəticələrinin dərhal yoxlanılmasının müəyyən problemlər yaratdığını vurğulayan S. Seyidov bunun keyfiyyətin aşağı düşməsinə səbəb olduğunu diqqətə çatdırıb: “İmtahan nəticələrinin dərhal yoxlanılması keyfiyyət göstəricilərinin istənilən səviyyədə olmamasına gətirib çıxarır. Bu da öz növbəsində nəticələrlə bağlı appelyasiyaların çoxalmasına səbəb olur”.

O, müəllim və tələbə arasında lazımi ünsiyyətin qurulmasında qarşılıqlı anlaşmanın mühüm rol oynadığını vurğulayıb: “Müəllim və tələbə ona verilmiş hüquqları bilməlidir. Belə olan təqdirdə tərəflər arasında anlaşılmazlıqlar yaranmaz”.

Fəaliyyət istiqamətləri haqqında tələbələrə məlumat verən Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev ali təhsil ocaqlarında imtahan sessiyalarının gedişi ilə bağlı monitorinqlər aparıldığını bildirib. İmtahan sualları ilə maraqlanan koordinator aparılan monitorinqlərin obyektivliyə xidmət etdiyini vurğulayıb: “Şəbəkənin apardığı monitorinqlər edilən şikayətlərdə haqlı tərəfin müəyyən edilməsində mühüm rol oynayır. Şikayətlərlə bağlı şəbəkəyə müəyyən müraciətlər olur”.

Şəbəkə koordinatoru yaranan problemlərlə bağlı onlara müraciət etməyin zəruriliyini önə çəkib. Tələbələr imtahanların yüksək səviyyədə keçdiyini və lazımi şərait yaradıldığını bildiriblər.

Ə. Nuriyev monitorinqlərin aparılması üçün yaradılan şəraitə görə rektor S. Seyidova təşəkkürünü bildirib. ADU-nun Tədris şöbəsinin müdiri Lyudmila Muradovanın sədrlik etdiyi Operativ Qərargah üzvlərinin və fransız, alman, 1 və 2 saylı ingilis dili və Filologiya fakültə dekanlarının iştirakı ilə təklif və şikayətləri qəbul etmək üçün müvafiq qutular açılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar