ADA tələbələri NATO-da
09 Noyabr 2011 Çərşənbə 15:34
Tələbələr NATO İctimai Diplomatiya Bölməsinin təşkil etdiyi brifinq proqramında iştirak ediblər.
Azərbaycan Diplomatik Akademiyasının nümayəndə heyəti Brüsselə səfər edib. ADA nümayəndə heyəti NATO Mənzil Qərargahına səfər etib. Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən verilən məlumata görə, ADA-nın müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Anar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinə 14 nəfər diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr proqramının ikinci kurs tələbələri daxil olub.

Səfər zamanı tələbələr NATO İctimai Diplomatiya Bölməsinin təşkil etdiyi brifinq proqramında iştirak ediblər. Proqrama NATO-nun peşəkar ekspertləri tərəfindən müxtəlif təhlükəsizlik məsələləri, o cümlədən NATO tərəfdaşlıqları, əməliyyatlar, enerji təhlükəsizliyi, müdafiə islahatları və digər məsələlər üzrə verilən brifinqlər daxil idi. Gələcək karyerasını diplomatik xidmətdə qurmağı planlaşdıran tələbələr bu brifinqləri maraqla qarşılayıb və NATO ilə əlaqəli məsələlər üzrə biliklərini artırmaq baxımından əhəmiyyətli hesab edib. Həmçinin, səfər zamanı ADA heyəti bir neçə NATO səfirləri və yüksək vəzifəli diplomatlar ilə görüşmək və onların diplomatik təcrübələrini öyrənmək imkanına malik olub.

Bütövlükdə ADA nümayəndə heyətinin Brüsselə səfəri NATO İctimai Diplomatiya Bölməsinin və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin sıx əməkdaşlığı və dəstəyi ilə baş tutub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar