Abituriyentlərin ixtisas seçimində yaranmış problem həll olunub
27 İyul 2010 Çərşənbə Axşamı 13:10
Problem TQDK-nın saytında proqramın düzgün yüklənməməsi səbəbindən yaranmış.
Azərbaycanda abituriyentlərin ixtisas seçimində yaranan problem artıq öz həllini tapıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə ANS PRESS-ə açıqlamasında bildirib.
“Yaranmış texniki problem dünən saat 13:00-dan sonra həll olundu. Əslində problem abituriyentlərin ixtisas seçimində deyildi. Onlar ixtisas seçə bilirdilər. Lakin sonradan həmin sənədə daxil ola bilmirdilər”, -deyə Elnur Nağızadə vurğuladı.
Onun sözlərinə görə, problem TQDK-nın internet saytında proqramın düzgün yüklənməməsi səbəbindən yaranıb.
Xatırladaq ki, Azərbaycanın ali məktəblərinə qəbul imtahanları başa çatsa da, dünən bəzi məzunların ixtisas seçimində problem yaranmışdı. Belə ki, abituriyentlər onlara verilən ixtisas kodu ilə TQDK-nın rəsmi saytında ixtisas seçimi edə bilmirdilər. Belə ki, "Abituriyentin elektron ərizəsi"nə "Abituriyent" jurnalındakı ixtisas kodlarını daxil etsələr də, onlara kodların düzgün olmadığı barədə xəbərdarlıq edilirdi.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: