Abituriyentlərin ixtisas seçimində problem yaranıb
26 İyul 2010 Bazar Ertəsi 13:20
Narazı abituriyentlər və valideynlər TQDK-ya üz tutub.
Azərbaycanın ali məktəblərinə qəbul imtahanları başa çatsa da, bəzi məzunların ixtisas seçimində problem yaranıb. ANS PRESS-in məlumatına görə, bu səbəbdən bu gün 60-a yaxın abituriyent və valideyn Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) qarşısına toplaşıb. Şikayətçilərin sözlərinə görə, abituriyentlər onlara verilən ixtisas kodu ilə TQDK-nın rəsmi saytında ixtisas seçimi edə bilmirlər. Belə ki, "Abituriyentin elektron ərizəsi"nə "Abituriyent" jurnalındakı ixtisas kodlarını daxil etsələr də, onlara kodların düzgün olmadığı barədə xəbərdarlıq edilir.
“Bu gün səhərdən TQDK-nın qabağında dayanmışıq. Nə qədər edirik bizi içəri buraxmırlar. Oğlum bütün kodları "Abuturiyent" jurnalından götürsə də, internetdə bütün kodlar səhv olduğu göstərilir. Komissiyanın qabağında da böyük növbə var. Bilmirik, nə edək?”, deyə TQDK-ya şikayətə gələn Qurban Babayev bildirib.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə ANS PRESS-ə açıqlamasında problemin texniki səhv olduğunu bildirdi. Bu gün saat 16:00-a qədər problemin həll olunacağını qeyd edən Elnur Nağızadə itirilmiş vaxtın hesablanmayacağını vurğuladı.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: