Bu gündən 2009-2010-cü tədris ili üçün ali məktəblərə keçirilmiş qəbul imtahanlarında iştirak etmiş və müvafiq nəticə göstərərək müsabiqəyə buraxılmış abituriyentlərin elektron ixtisas seçimim başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, ixtisas seçimi avqust ayının 3-nə kimi davam edəcək.
Bu müddət ərzində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını TQDK-nın saytında yaradılımış “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməlidir. Hər bir abituriyent 8-dək ixtisasın kodunu istəyinə uyğun ardıcıllıqda ərizəsinə daxil edə bilər. Abituriyent "elektron ixtisas seçimi ərizəsi"ni təsdiqləyənədək öz ərizəsinə təkrar müraciət etməklə seçdiyi ixtisasların siyahısında dəyişikliklər apara bilər. Seçimini dəqiqləşdirdikdən sonra abituriyent "Təsdiq et" düyməsini basmaqla elektron ərizəni təsdiqləyir.
Müsabiqəyə yalnız iyulun 25-dən avqustun 3-dək elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.
Orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə daxil olmaq istəyən abituriyentlər isə ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 7-dən 11-dək elektron ərizələrinə daxil olub, orta ixtisas məktəblərinin ixtisaslarını seçə bilərlər.
Qeyd edək ki, bu il abituriyentlərin göstərdikləri nəticələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını qane etmədiyi üçün ali məktəblərin I və III qruplarına keçid balları aşağı salınıb. Belə ki, I qrup üzrə keçid balı 250-dən 200-ə, III qrup üzrə isə 300-dən 250-yə salınıb. IV və II qruplar üzrə isə keçid balı 250-dir./ANS PRESS/