Abituriyentlərə şad xəbər
19 Noyabr 2012 Bazar Ertəsi 17:10
TQDK qəbul imtahanları ilə bağlı 11 vəsait dərc edib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 1992-2012-ci illərdə testologiya sahəsindəki fəaliyyətinə həsr edilmiş vəsaitlər dərc olunub. TQDK-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bütün imtahan fənləri üzrə 11 adda olan bu vəsait müəllimlər, test tərtibçiləri, ekspertlər, şagirdlər, abituriyentlər, ümumi təhsil müəssisələri üçün nəzərdə tutulub.

Vəsait geniş pedaqoji ictimaiyyət üçün Azərbaycan testologiyasının tarixi və test üsulu ilə imtahan texnologiyalarının ölçü və meyarları ilə tanışlıq baxımından dəyərli mənbədir. Burada verilən məlumatlar tədris proqramlarının təkmilləşdirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi işində təhsil işçilərinə yardımçı olacaq. Müəllimlər vəsait vasitəsilə test tapşırıqlarının ölçmə və qiymətləndirmə meyarları ilə tanış olduqdan sonra tədris prosesində qabaqcıl təlim üsullarına (interaktiv, konstruktiv və s.), xüsusilə də nəzəri biliklərin tətbiqinə əsaslanan test tapşırıqlarına daha geniş yer verə biləcəklər.

Vəsait test tərtibçilərinə abituriyentlərin real bilik və bacarıqlarına uyğun test tapşırıqları hazırlamaqda və test tapşırıqlarının tərtibinə elmi, metodiki cəhətdən daha peşəkarlıqla yanaşmaqda kömək edəcək.

Ekspertlər vəsaitdə verilən təhlil və şərhlər vasitəsilə TQDK-nın fənlər üzrə test topluları və digər vəsaitlərindəki test tapşırıqlarının inkişaf dinamikasını izləyə biləcəklər.

Vəsaitdəki məlumatlar bir çox cəhətdən qəbul imtahanlarına hazırlaşan yuxarı sinif şagirdləri üçün də faydalı olacaq. Onlar bu vəsaitlə tanış olaraq, müxtəlif məzmunlu test nümunələrinin ötən illərin abituriyentləri tərəfindən necə cavablandırıldığını, hansı mövzuların sadə, hansı mövzuların mürəkkəb olduğunu analiz edəcək, zəif cavablandırılan və ya cavab verməkdən imtina edilən test tapşırıqları ilə bağlı mövzuları daha dərindən öyrənməyə çalışacaqlar.

TQDK-nın apardığı elmi-metodiki təhlillər valideynlərin də maraqları ilə üst-üstə düşdüyündən vəsait onlar üçün də əhəmiyyətli olacaq. Əksər ailələrdə bir neçə uşağın təhsil aldığını nəzərə alsaq, valideynlər bu kitablardan istifadə etməklə öz övladlarının təhsilinə, dərslərə hazırlığına nəzarət etmək imkanına malik olacaqlar.

Nəhayət, vəsaitin ən əhəmiyyətli cəhətlərindən birini xüsusi qeyd etmək istəyirik. Burada 1992-ci ildən 2012-ci ilə kimi qəbul imtahanlarında bütün fənlər üzrə istifadə olunmuş test tapşırıqlarının toplusu verilib. Əlbəttə, bu illər ərzində tərtib və təklif edilən test tapşırıqlarının təkcə sayı deyil, həm də elmi-metodiki səviyyəsi, tematik və tipoloji rəngarəngliyi yüksəlib, onlar çoxseçimli test tapşırıqlarından açıq tipli test tapşırıqlarına doğru yeniləşmə və zənginləşmə yolu keçib. Bu keyfiyyətlərinə görə təqdim olunan test tapşırıqları topluları yuxarı sinif şagirdləri və abituriyentlərə öz biliklərini yoxlamağa, testlərlə işləmək vərdişlərinə yiyələnməyə, test tapşırıqlarının müxtəlif variant və modelləri ilə tanış olmağa, bütövlükdə proqram materiallarını daha dərindən mənimsəməyə yaxından kömək edəcək. Müəllimlər isə açıq test bankı kimi təqdim olunan bu toplulardan təlim prosesində proqram materiallarının mənimsənilmə səviyyəsinin yoxlanılması, şagirdlərin keçilən mövzular üzrə biliklərinin möhkəmləndirilməsi, eləcə də onlarda testlərlə işləmək vərdişlərinin formalaşdırılması üçün istifadə edəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar