Abel Məhərrəmov müxalifətçi gənclərin BDU-dan xaric edilməsinə aydınlıq gətirib
15 Aprel 2011 Cümə 15:34
Müxalifətçi gənclərin Bakı Dövlət Universitetindən (BDU) xaric edilməsi onların siyasi fəaliyyəti və son aksiyalarda iştirakları ilə bağlı deyil.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov bildirib.
Rektorun sözlərinə görə, onların ali təhsil müəssisəsindən çıxarılması dərsə davamiyyətləri və kəsirləri ilə bağlı olub.
«O tələbələrin hər ikisi dəfələrlə dekanlığa çağrılıb, mənim qəbulumda olublar. Mən hətta Tural Abbaslını başa salmışam, kömək eləmişəm ki, düz yola gəlsin, imtahanlarını versin. Hansı imtahana girib, müəllimlə münaqişə yaradıb, akt bağlanıb», - deyə A. Məhərrəmov əlavə edib.
BDU rektoru bütün halda T. Abbaslını universitetdən çıxarmaq istəmədiklərini, lakin bütün baş verənlərə görə günahı tələbələrin özlərində axtarmağın lazım olduğunu deyib.
T. Abbaslının kursda saxlanılmasının mümkün olub-olmadığına gəlincə, A. Məhərrəmov bunun magistr pilləsində mümkün olmadığını vurğulayıb: «Bu adamı heç biz özümüz tapa bilmirdik. Dərsə gəlmirdi. Necə müstəqil universitetdə oxuyub, o cür də bizdə davam etdirmək istəyirdi».
«Bu gün universitetdən davamiyyətinə görə, akademik borcuna, imtahan zamanı şparqalkalardan istifadəyə, neqativ hallara yol verdiyinə görə də xaric olunanlar var», - deyən A. Məhərrəmov hazırkı dərs ilində ümumilikdə 119 tələbənin BDU-dan qovulduğunu bildirib. APA
DOSTLARINLA PAYLAŞ: