Bu gün Təhsil Nazirliyində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olanan azərbaycanlı tələbələrlə görüş keçrilib. Təhsil nazirinin müavini Elmar Qasımov bu il təhsil almaq üçün xarici ölkələrə 250 tələbə gedəcəyini bildirib. Onlardan 54-nün sənədi prezident yanında Təhsil Komissiyasında təsdiq olunub və bu şəxslər dövlət hesabına oxuyacaqlar.
Xaricdə təhsil alacaq tələbələrin hamısı bir ay müddətinə oxuyacaqları xarici unversitetlərə göndəriləcəklər. Təhsillərini başa vuraraq Azərbaycana qayıdan şəxslər isə işlə təmin edilirlər. «Artıq 7 tələbəmiz məzun olaraq vətənə qayıdıb. Məzunlar burada işlə təmin ediliblər. Bu il isə 35 tələbə məzun olaraq Azərbaycana qayıdacaq. Gələn il isə 500-ə yaxın tələbəni göndərilməsi planlaşdırılır».
E.Qasımov dövlət proqramına uyğun olaraq 2015-ci ilədək 5 min tələbənin xaricdə təhsil alacağını qeyd edib. Bu il dövlət hesabına 11 nəfər olmaqla ən çox sayda tələbə Böyük Britaniyada, 10 nəfər Türkiyədə, 5 gənc Birləşmiş Ştatlarda və 5 azərbaycanlı isə Niderlandda təhsil alacaq.
Azərbaycanlılar xaricdə daha çox tibb və iqtisadiyyat elmlərinin incəliklərinə yiyələnəcəklər. Siyasət elmi üzrə bu il cəmi bir nəfər təhsil alacaq ki, bu da Fransa siyasi Araşdırmalar Universitetində magistr dərəcəsi üzrə oxumağa gedən Fatimə Hüseynovadır.
Almaniyanın Köln Universitetində artıq bir ildir ki, enerji siyasəti və enerjinin idarə olunması ixtisası üzrə doktorantura pilləsində təhsil alan Elçin Hüseyn isə bu ildən dövlət hesabına təhsilini davam etdirəcək.
Qeyd edək ki, ABŞ, Avropa və Asiya ölkələrindəki ali məktəblərinə qəbul olunmaq üçün universitetlərin özü ilə internet vasitəsilə əlaqə qurub, imtahan verərək öz hesabına təhsil almaq olar. Xarici ölkələrin hökumət və qeyri-hökumət qurumları, eləcə də ali məktəblərin özləri tərəfindən ayrılan təqaüdlər çərçivəsində tələbə seçimi Təhsil Nazirliyi və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin yaratdıqları komissiya tərəfindən aparılır.
Bundan əlavə, Azərbaycanın bir sıra ölkələr, o cümlədən Rusiya və Türkiyə ilə təhsil sahəsində dövlətlərarası müqavilələri mövcuddur ki, onlara uyğun olaraq bu dövlətlərin ali məktəblərinə qəbul Təhsil Nazirliyinin sifarişi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Bu müsabiqədən keçən gənclərin təhsil, eləcə də ildə bir-dəfə gediş-gəliş xərclərini universitetin yerləşdiyi ölkənin hökuməti ödəyir. /ANS TV/