40-50 min təhsil işçisi işlə vidalaşa bilər
18 May 2011 Çərşənbə 22:24
Abel Məhərrəmov: “Yaşlı nəsli küçəyə atmaq olmaz”
Cavanlar və yaşlılar - cəmiyyətin bu iki təbəqəsi bu gün sanki üz-üzə dayanıb. Birincilər iş axtarır, ikincilər isə iş yerlərini əldən vermək istəmir. Artıq iş o həddə çatıb ki, dövlət bu sahəni qanunla tənzimləməyə qərar verib. Dövlət müəssisələrində çalışanlara yaş həddi 65 müəyyənləşdirib.

Milli Məclisdə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddinin 65 müəyyənləşməsi elm və təhsil sahəsində çalışan bu yaşda olan müəllim və professorların ciddi narahatlığına səbəb olub. Qanuna görə, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına isə yol verilmir.

Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmuş işçinin çalışma müddəti isə nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Bu qanunun qüvvəyə minməsi isə orta və ali təhsil müəssisələrində 40-50 min arası təhsil işçisinə şamil oluna bilər ki, bu da təhsil müəssisələrində çalışan 40 faiz işçinin ixtisara düşməsi deməkdir. Azərbaycanda 1800 professor və müəllim var ki, bunlardan da təxminən 1000 nəfəri 65-70 yaş və ondan yuxarı yaş həddində olanlardır.

Unversitetlərin elmi şuralarının tərkibinin 70 faizini yaşı 65-dən yuxarı olanlardır. Bu dəyişikliyin qəbul edilməsi isə elmi şuraların iflic vəziyyətə düşməsi deməkdir. Akademik Budaq Budaqov hesab edir ki, bu qanun qəbul olunmazdan əvvəl məsələ elm və təhsil işçiləri arasında müzakirəyə çıxarılmalı idi. Çünki elmdə elə sahələr var ki, burada daha peşəkar insanlara ehtiyac var. Bundan başqa, elm və təhsil sahələrində çalışanların yaş həddinin müəyyənləşdirilməsi onların yaşayış səviyyəsinə təsir edəcək.

Onun sözlərinə görə, bu vəziyyət onu açmır: “Hər halda, bu müzakirə olunmalıdır. Ziyalılara məsləhət verilməli idi. Onlara yüksək səviyyədə təqaüd verilmir, cavanlar isə elmə gəlmirlər. Bunların yerini əvəz etməsi üçün elmə elə adamlar gəlmilədir ki, onu əvəz edən olsun”.

Bakı Dövlət Universitetnin rektoru Abel Məhərrəmov isə hesab edir ki, dəyişiklik qəbul olunsa, bu orta və ali təhsil müəssisələrində minlərlə təhsil işçisinə şamil oluna bilər. Bu isə bir çox problemlər yarada bilər: “Yaşlı nəsli əvəz edən nəsil tam formada deyil. Ola bilsin ki, 5 il sonra olsun. Onda gərginlik yarana bilər və təhsil ocaqları idarə olunmayacaq”.

Rektor deyir ki, yaşlı nəsli küçəyə atmaq olmaz: “Belə olsa, BDU-nun çoxunu çölə tullamalıyıq”.

Həmkarından fərqli olaraq Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev qərarı müsbət qiymətləndirir və hesab edir ki, qərar gənclərin işlə təminatına imkan verəcək. Bu qanunun aparılan islahatların bir hissəsi olduğunu deyən Ş.Hacıyevin sözlərinə görə, sağlamlığı və elmi biliyi yüksək olan yaşlı müəllim və professorlara saat hesabı dərs veriləcək, eləcə də doktorantlar və magistrlər elmi rəhbər kimi tədris prosesinə cəlb olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar