Sürücülərin nəzərinə
23 İyul 2012 Bazar Ertəsi 15:27
Yol polisi bütün əməliyyatlarda videoçəkilişlər aparacaq.
Azərbaycanda yol patrul xidməti avtomobillərində videokameralar quraşdırılacaq.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, Yol-Patrul Xidməti haqqında Təlimatda bununla bağlı göstəriş var.

Şöbə rəisinin sözlərinə görə, həmin təlimatda qeyd olunur ki, patrul avtomobili radio-cihaz vasitəsi, qırmızı və ya göy sayırışan işıq və xüsusi səs siqnalı, kompüter, videokamera, dərman qutusu, 2 ədəd yol nişanı, fənər, yanğın söndürən vasitə, hadisə yerini bildirən işıq əks etdirən lent və digər texniki vasitələrlə təchiz olunmalıdır.

“Təlimata uyğun olaraq patrul avtomobilində xidmət aparan YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi saxlanılarkən patrul avtomobilində quraşdırılmış videokamera daim işlək
vəziyyətdə olmalı, məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır”, - o deyib.

K.Əliyev bildirib ki, yaxın gələcəkdə bütün patrul avtomobilləri videokameralarla təmin olunacaq.

Şöbə rəisinin sözlərinə görə, videokameraların quraşdırılması həm yol hərəkəti qaydasının pozuntusunu, həm də YPX inspektorunun sürücü ilə ünsiyyətini qeydə almaq məqsədi üçün quraşdırılacaq.

“Ola bilər hansısa yol hərəkəti qaydasının pozuntusunun baş verməsinə şübhəli yanaşma olsun. Müfəttişlə sürücü arasında müəyyən mübahisələrə son qoyulmasında, belə mübahisələrin qarşısını alınmasında bu, əhəmiyyət daşıyacaq”, - K.Əliyev deyib.

O qeyd edib ki, bəzən sürücülər inzibati məsuliyyətdən yayınmaq üçün patrul inspektorunun onunla düzgün davranmadığını iddia edir.

“Bəzən sürücülər deyir ki, inspektor özünü təqdim etmədi, məni təhqir etdi və s.. Videokameraların quraşdırılmasının bir məqsədi də belə halların aradan qaldırılmasıdır”, - K.Əliyev vurğulayıb.

Şöbə rəisi bildirib ki, patrul xidməti avtomobillərinin bir qismində kompüterlər quraşdırılıb və bu proses davam edir.

Qeyd edək ki, Yol-Patrul Xidməti haqqında Təlimat daxili işlər naziri Ramil Usubov tərəfindən təsdiq olunub və onun icrasını təmin etmək məqsədilə müvafiq qərar qəbul edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar