Bakının əsas prospektlərindən biri bağlandı
14 İyul 2012 Şənbə 01:21
Bulvar boyu təmir-tikinti işlərinə və yeni asfalt örtüyünün çəkilməsinə başlanılıb.
Bu gündən Bakının ən böyük prospektlərindən biri təmirə bağlanıb. Bu barədə ANS PRESS-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
Vaqif Əsədovun sözlərinə görə, “Dalğa Plaza”nın qarşısından “Azneft” dairəsi ilə Azadlıq meydanınadək dənizkənarı bulvar boyu təmir-tikinti işlərinə və yeni asfalt örtüyünün çəkilməsinə start verilib. Bununla əlaqədar iyulun 14-dən qeyri-müəyyən vaxtadək Neftçilər prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
Sürücülərdən alternativ yollardan - Bayıl qəsəbəsindən Qurban Abbasov küçəsi ilə Dağüstü park, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi; Üzeyir Hacıbəyov küçəsindən keçməklə Azadlıq prospekti və Zərifə Əliyeva küçəsindən Rəşid Behbudov küçəsi ilə Bakıxanov küçəsi; Rəsul Rza küçəsindən keçməklə Xaqani küçəsinə; Bülbül prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Səməd Vurğun küçələrindən istifadə etmələri xahiş olunur.
DOSTLARINLA PAYLAŞ: