Bakıda yeni mənzillər ucuzlaşıb
26 İyul 2012 Cümə Axşamı 16:37
İyunda 1 kv.m üzrə orta qiymət göstəricisi 810,4 manata bərabər olub
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupu tərəfindən 2012-ci ilin iyun ayında paytaxtın ilkin mənzil bazarında növbəti araşdırma aparılıb. Birlikdən ANS PRESS-ə verilən məlumata görə, daşınmaz əmlak bazarının ümumi tendensiyasında müşahidə olunan qiymət azalması yeni tikililərin istər yaşayış, istərsə də qeyri-yaşayış sahələrində hiss edilib və ötən aylarla müqayisədə 1,2 faiz azalma baş verib.

Bazarda ucuz evlər seqmentində alqı-satqı əməliyyatları bahalı mənzillərə nisbətdə qismən də olsa aktivlik təşkil edib. Bu isə bahalı mənzillərin qiymətinin azalmaya doğru dəyişməsinə təsir edib. Ötən aylarla müqayisədə iyun ayında ilkin mənzil bazarında bağlanan əqdlərin dinamikasında da azalma qeydə alınıb. Belə bir tendensiyanın davam etməsi əsasən mövsümi amillərlə bağlı olsa da, son aylarda qiymətlərin stabilləşməyə doğru getməsi, istər dövlət tərəfindən verilən ipoteka kreditlərinin, istərsə də mənzillərin satışında kredit portfelinin həcminin artıb-azalması dinamikada baş verən dəyişikliklərə təsirsiz ötüşməyib.

Beləliklə, iyun ayında aparılan araşdırmalara əsasən təklif portfelində orta qiymətə (500-600 manat arası) satışa çıxarılan mənzillərin və qeyri-yaşayış sahələrinin (2000-2500 manat arası) payı üstünlük təşkil edib. Bаkı şəhəri üzrə ilkin mənzil bаzаrında аrаşdırılmаyа məruz qаlаn iri çoxmənzilli yaşayış binаlаrın sаyında heç bir dəyişiklik baş verməyib, aktivlik aşağı olduğundan satışdan çıxan bina qeydə alınmayıb.

Beləliklə, siyahı üzrə satışda olan yeni tikililərin sayı ötən aydakı kimi 420 ədəd olub. Bazara daxil olan yeni tikililər isə əsasən sosial təyinatlı binalar olub ki, onların da inşası əsasən 4-cü zonanın payına düşüb. Beləliklə tikinti şirkətlərinin sayında da dəyişiklik baş verməyib və 150-yə bərabər olub.

Ən çox yeni tikililər ötən aylarda olduğu kimi Yasamal rayonu (Yeni Yasamal qəsəbəsi) ərazisindədir. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdə mövqelərini qoruyurlar. Qeyd edilən üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı bazarın 3/2-ni təşkil edib. Digər rayonlar üzrə tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.

Son aylarda stabilləşməyə doğru davam edən qiymətlər iyun ayında da cüzi dəyişikliklə yadda qalıb. İyunda 1,2 faiz azalma baş verərək 1 kv.metr üzrə orta qiymət göstəricisi 810,4 manata bərabər olub. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 1,3 faiz, ötən ilə nisbətdə isə 3,2 faiz azalma kimi qeydə alınıb.

2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə isə qiymət azalması 32,1 faiz təşkil edib. Qeyd edək ki, həmin dövr üçün 1 kv.metr mənzilin qiyməti 1194 manat olub. Qiymət fərqi 2012-ci ilin yanvar ayı ilə müqayisədə 4,4 faiz azalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar