Astronomlar indiyədək məlum olan ən isti ulduzun yaşayış zonasında planet namizədi aşkar ediblər. ScienceAlert-in məlumatına görə, HD 156295 b adlanan obyekt Yerdən təxminən 140 işıq ili uzaqda yerləşən, səth temperaturu 7500 dərəcə Selsi olan və Günəşdən 9 dəfə parlaq A tipli ulduzun ətrafında fırlanır. Tədqiqat sentyabrın 30-da "The Astrophysical Journal"da dərc olunub.
Planet namizədinin kütləsi Yupiterdən təxminən 6 dəfə böyükdür. O, ulduzundan təqribən 4 astronomik vahid (Yer–Günəş məsafəsinin 4 misli) uzaqlıqda yerləşir və bir dövrəni 2200 günə tamamlayır. Ulduz çox isti olduğundan bu məsafədə belə planet Yerin Günəşdən aldığı işığın təxminən 60 faizini alır — bu isə onu ulduzun yaşayış zonasında yerləşdirir.
Kəşf "pulsasiya zamanlaması" adlanan nadir üsulla edilib. HD 156295 Delta Skuti tipli dəyişən ulduzdur: o, müntəzəm fasilələrlə parlaqlığını dəyişərək bir növ "kosmik saat" rolunu oynayır. Ətrafında fırlanan cismin cazibəsi bu işıq siqnallarının Yerə çatma vaxtında kiçik gecikmələr yaradır və alimlər məhz bu sapmaları ölçüblər. Tədqiqatçıların sözlərinə görə, bu üsul "başqa heç bir müşahidə texnikası ilə aşkar edilə bilməyən sistemləri üzə çıxarır".
Komanda NASA-nın TESS teleskopunun müşahidə etdiyi təxminən 16 500 Delta Skuti ulduzunu təhlil edib və nəticədə 9 ulduz sistemində ehtimal olunan yoldaş cisim müəyyənləşdirib: bir ekzoplanet namizədi və səkkiz qəhvəyi cırtdan namizədi.
Alimlər ehtiyatlı olmağa çağırırlar: HD 156295 b-nin həqiqətən mövcud olmasına 50 faiz əminlik var. Bununla belə, kəşf əhəmiyyətlidir, çünki tədqiqatçıların qeyd etdiyi kimi, "parlaq A tipli ulduzların ətrafındakı planet yoldaşlarını Günəş kimi daha sönük G tipli ulduzlarla müqayisədə aşkar etmək daha çətindir". Nəhəng qaz planeti olduğundan HD 156295 b-nin özündə həyat gözlənilmir, lakin onun peykləri nəzəri olaraq maraq doğurur.
Mənbə: ScienceAlert




Şərhlər