Veysəloğlu MMC şirkətinin əməkdaşları korrupsiyada ittiham olunur
02 İyul 2012 Bazar Ertəsi 18:19
Veysəloğlu MMC-nin əməkdaşlarının hesablarında külli miqdarda çatışmazlıq aşkar edilib.
Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkətin əməkdaşları barəsində cinayət işi başlanıb. ANS PRESS-in Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşlarının hesablarında külli miqdarda çatışmazlıq aşkar edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciət araşdırılıb.

Aparılmış audit yoxlaması ilə cəmiyyətin satış şöbəsinin satış təmsilçiləri Əliyev İlqar Kərəm oğlunun həmin vəzifədə işlədiyi müddət ərzində hesabında 9 min 98 manat, Vəliyev Şamil Vəliyyəddin oğlunun hesabında 9 min 525 manat, Həşimov Fuad Yadigar oğlunun hesabında 5 min 773 manat və Mahmudov Elvin Dadaş oğlunun hesabında 14 min 648 manat – cəmi 39 min 42 manat məbləğində çatışmazlıq aşkar edilib, bununla da müəssisənin qanunla qorunan mənafeyinə külli miqdarda ziyan vurulub.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar