İqtisadiyyat

Mobil telefonlar POS-terminal sayılacaq: kiçik sahibkarlar terminal xərcindən azad ola bilər

“Elektron ticarət haqqında” qanuna dəyişikliklər Milli Məclisin komitəsində müzakirə olunub. Proqram təminatı olan telefonlar ödəniş terminalı sayılacaq, QR və mobil cüzdanla ödəniş tanınacaq, qanun xarici satıcılara da şamil ediləcək.

· Xəbərçi
Mobil telefonlar POS-terminal sayılacaq: kiçik sahibkarlar terminal xərcindən azad ola bilər

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində oktyabrın 20-də “Elektron ticarət haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirə edilib. Layihəyə görə, zəruri proqram təminatı olan mobil telefonlar və digər son avadanlıqlar da ödəniş terminalı, yəni POS-terminal sayılacaq. Bu barədə İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Kamran Əhmədov məlumat verib.

Qanunda nə dəyişir

K.Əhmədovun sözlərinə görə, 2005-ci ildə qəbul edilmiş qanunda ödəniş terminalı hazırda yalnız kartla əməliyyat aparmaq və nağd pul çıxarmaq üçün nəzərdə tutulan avadanlıq kimi təsvir olunur. Halbuki vergi qanunvericiliyində və Nazirlər Kabinetinin müvafiq qərarında bu anlayış artıq daha müasir formada verilib. Yeni redaksiya kartla ödənişlə yanaşı bütün nağdsız, o cümlədən təmassız ödənişləri əhatə edəcək və qanunlar arasındakı ziddiyyəti aradan qaldıracaq.

Layihə ilə qanuna ilk dəfə “texnoloji neytrallıq” prinsipi də daxil edilir. Bu, heç bir texnologiyaya üstünlük verilməməsi və müxtəlif texniki həllərin bərabər qəbul edilməsi deməkdir. Nazirlik təmsilçisi bildirib ki, belə yanaşma QR-kodla ödənişin, mobil cüzdanların və gələcəkdə yaranacaq yeni üsulların da qanun çərçivəsində tanınmasına imkan verəcək.

Digər dəyişikliyə əsasən, satıcı alıcıya yalnız terminal, internet və ya elektron pul kisəsi barədə deyil, bütün mövcud ödəniş üsulları haqqında əvvəlcədən məlumat verməli olacaq. Sifarişdən əvvəl təqdim olunan məlumatların “yazılı” təsdiqi tələbi isə elektron sənəd formasında təsdiqlə əvəzlənir. İnternetdə nağdsız ödənişlər Mərkəzi Bank, banklar, bank olmayan kredit təşkilatları, milli poçt operatoru, ödəniş və elektron pul təşkilatları vasitəsilə aparılacaq. K.Əhmədov xüsusi vurğulayıb ki, çatdırılma zamanı nağd ödənişə heç bir məhdudiyyət qoyulmur.

Sahibkar və alıcı üçün nə deməkdir

Komitə üzvü, deputat Tahir Mirkişili dəyişikliyin kiçik və orta sahibkarlar üçün əhəmiyyətini rəqəmlərlə izah edib. Onun sözlərinə görə, hazırda ticarətə başlayan kiçik sahibkar təxminən 450-650 manatlıq terminal almalı, onun banka qoşulması üçün təxminən 15 manat ödəməli, sonra isə xidmətə görə hər ay 20 manat xərcləməlidir. “Mobil telefonda proqram vasitəsilə ödənişin qəbul olunması kiçik və orta sahibkarlığı tamamilə bu xərclərdən azad edir”, – deyə deputat bildirib.

Alıcı üçün isə bu, kiçik mağazada, bazarda və ya kuryerə ödəniş edərkən kartla, telefonla və ya QR-kodla ödəniş imkanının genişlənməsi deməkdir. Bununla belə, T.Mirkişili hesab edir ki, sahibkarların nağdsız ödənişə görə banklara ödədiyi komissiyalar bəzi hallarda ödədikləri vergi ilə müqayisə ediləcək həddə çatır. “Sahibkarın nağdsız ödənişlərə görə banklara ödədiyi tariflərin həcmi vergi qədər olmamalıdır, daha az olmalıdır”, – deyə o vurğulayıb və bu tarif yükünün sahibkarları yenidən nağd hesablaşmaya yönəldə biləcəyini qeyd edib.

Xarici platformalar da əhatə olunur

Layihəyə əsasən, qanunun preambulasından və 2.1, 4.1-ci maddələrindən “Azərbaycan Respublikasında” sözləri çıxarılır. Bununla qanun Azərbaycandakı istehlakçılara mal və xidmət satan xarici satıcılara, eləcə də transsərhəd elektron ticarətə də şamil ediləcək.

Dövlət Vergi Xidmətinin rəqəmsal iqtisadiyyat üzrə vergitutma şöbəsinin rəisi Çingiz Musayev bildirib ki, bu dəyişiklik qeyri-rezidentlərdən məlumat əldə etmək üçün hüquqi əsas yaradır. Onun sözlərinə görə, 2026-cı ilin sentyabrından qeyri-rezident elektron ticarət iştirakçılarının vergi uçotuna alınması məcburidir. Əvvəllər onlar yalnız ƏDV məqsədilə qeydiyyata alınırdı. Belə şirkətlərin sayı 7-dən 23-ə çatıb.

Deputatın iradları və növbəti addım

T.Mirkişili layihəni dəstəkləsə də, iki texniki məsələyə diqqət çəkib. Birincisi, layihədə mobil cihaz mobil operatorun şəbəkəsinə qoşulmuş aparat kimi təsvir olunur. Deputatın fikrincə, telefon Wi-Fi və ya peyk rabitəsi ilə də işləyə bildiyi üçün əsas meyar internetə qoşulma olmalıdır. İkincisi, texnoloji neytrallığın məhdudiyyətsiz tətbiqi kibertəhlükəsizlik baxımından risk yarada bilər, çünki bəzi sistemlər saxta ola və ya casus proqram daşıya bilər. Onun sözlərinə görə, bu məsələlər layihənin ikinci oxunuşuna qədər müzakirə olunub düzəldilə bilər.

Qeyd edək ki, Milli Məclisin oktyabrın 23-nə açıqlanan iclas gündəliyində bu layihə yer almır. Dəyişikliklərin qüvvəyə minməsi üçün layihə plenar iclasda oxunuşlardan keçməli və Prezident tərəfindən imzalanmalıdır.

Mənbə: Trend

Şərhlər