Azərbaycan Mərkəzi Bankı (AMB) banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqini planlaşdırır. Bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə oktyabrın 15-də 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında açıqlayıb.
Mətbuat konfransında həmçinin əmanətlərin sığortalanması, kartdan-karta köçürmələrə tətbiq olunan limitlər, lombardların tənzimlənməsi və daşınmaz əmlakın icbari sığortası ilə bağlı suallar cavablandırılıb. Səsləndirilən yeniliklərin bir çoxu birbaşa kredit götürən və bankda pul saxlayan vətəndaşlara aiddir.
İşsizlikdən sığorta: borcalan üçün nə dəyişəcək
Ş. Mahmudzadənin sözlərinə görə, bununla bağlı normativ dəyişikliklər hazırlanır və banklara kreditlər üzrə işsizlikdən sığortanın məcburi tətbiqi ilə bağlı tələblərin müəyyənləşdirilməsi planlaşdırılır. Məqsəd iş yerini itirən borcalanın kredit öhdəliklərini yerinə yetirməsinə dəstək olmaq və bankların kredit risklərini azaltmaqdır. Yeni mexanizm çərçivəsində işsizliyin müxtəlif səbəbləri üzrə sığorta təminatı nəzərdə tutulur.
AMB rəsmisi vurğulayıb ki, bu mexanizm dövlətin işsizlikdən sığorta sistemi ilə əlaqəli deyil və özəl sığorta şirkətləri vasitəsilə həyata keçiriləcək. Sığorta haqları işsizlik riskinin səviyyəsindən asılı olaraq fərqlənəcək və bazar iştirakçıları tərəfindən müəyyənləşdiriləcək. Risk yüksək olan sahələrdə işləyənlər üçün sığorta daha baha ola bilər.
Baş direktor bildirib ki, risk sığorta şirkətinə ötürüldükdə banklar üçün kapital tələbləri yüngülləşə, kreditləşmə imkanları genişlənə bilər: “Bəzi seqmentlərdə sığorta haqqı da daxil olmaqla kreditin ümumi dəyəri əvvəlkindən aşağı ola bilər”. Onun sözlərinə görə, kreditin yekun dəyərinə bankların kapital mövqeyi, ehtiyat tələbləri və digər amillər də təsir edəcək.
Əmanətlər: 12 faizlik sabit hədd dinamik olacaq
Qorunan əmanətlər üzrə maksimal faiz həddinin müəyyənləşdirilməsi mexanizmi də dəyişir. Hazırda manatla əmanətlər üçün 12%-lik sabit hədd tətbiq olunur. Yeni metodologiyaya əsasən, bu hədd bazar göstəricilərindən asılı olaraq dinamik müəyyənləşdiriləcək və bankların son altı ayda cəlb etdikləri əmanətlər üzrə orta faizlər nəzərə alınacaq.
Ş. Mahmudzadə izah edib ki, sabit hədd şəraitində iri və kiçik banklar eyni faizi təklif etdikdə əmanətçilər daha çox iri banklara üstünlük verir. Dinamik mexanizm isə bankların risk səviyyəsinə və bazar şəraitinə uyğun faiz təklif etməsinə, rəqabətin güclənməsinə imkan yaradacaq. Əmanətçi üçün bu o deməkdir ki, pulunu yerləşdirərkən faizin qorunan hədd daxilində olub-olmadığını yoxlamaq daha da vacib olacaq.
Köçürmə limitləri, lombardlar və əmlak sığortası
AMB-nin mövqeyinə görə, kartdan-karta köçürmələrdə gündəlik əməliyyat sayı üzrə limitləri banklar özləri müəyyənləşdirir. Baş direktor qeyd edib ki, bir müştərinin gün ərzində beş və ya daha çox köçürmə qəbul etməsi avtomatik olaraq qanunsuz əməliyyat sayılmır; limiti aşan müştəri banka müraciət edə, bank yoxlamadan sonra əməliyyata icazə verə bilər.
Lombardların fəaliyyətinə nəzarəti gücləndirən qanun layihəsi də hazırlanıb. Sənəd vətəndaşların girov qoyduğu əmlakın qorunmasını, müştəri hüquqlarını və nəzarət mexanizmlərini əhatə edir. Mövcud lombardlara uyğunlaşma üçün keçid müddəti veriləcək, lakin qüvvəyə minmə tarixi hələ açıqlanmayıb.
AMB-nin baş direktoru Vüsal Qurbanov isə daşınmaz əmlakın icbari sığortası üzrə qanunvericilik layihəsinin aidiyyəti qurumlara təqdim olunduğunu bildirib. Layihə sığorta məbləğlərinin əmlakın real dəyərinə daha uyğun müəyyənləşdirilməsini nəzərdə tutur, sığorta tariflərinin artırılması isə gündəmdə deyil.
Bank sektorunun göstəriciləri
AMB-nin Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənovun açıqladığı rəqəmlərə görə, ilin ilk yarısında maliyyə sektorunun aktivləri 7% artaraq 64,9 milyard manata, bank sisteminin aktivləri 6,8% artaraq 61 milyard manata çatıb. Fiziki şəxslərin müddətli depozitləri altı ayda 10% artıb. Sektorun məcmu kapitalı 7 milyard manat, kapital adekvatlığı 17,7% təşkil edib. Qeyri-işlək kreditlərin həcmi təxminən 1 milyard manat, kredit portfelində payı isə 3%-dir. Gələn il yanvarın 1-dən kapital tələblərinin Bazel III standartlarına uyğunlaşdırılması nəzərdə tutulur.
Ş. Mahmudzadə vətəndaşları lazımsız xərclər üçün borclanmaqdan çəkinməyə çağırıb. Onun sözlərinə görə, istehlak kreditlərində ödəmə qabiliyyəti tələbləri, kredit kartlarına məhdudiyyətlər və onlayn kreditlərdə gözləmə müddəti əhalinin izafi borclanmasının qarşısını almağa xidmət edir.
Mənbə: APA




Şərhlər