DəmirBankBelçika bankından kredit götürüb.
21 Dekabr 2011 Çərşənbə 17:58
Azərbaycan bankı ilə “VDK Spaarbank” arasında yeni kredit müqaviləsi imzalanıb.
“DəmirBank” və Belçikanın “VDK Spaarbank N.V.” arasında “Incofin” İnvestisiya Fondunun təşkilatçılığı ilə 2 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsi barədə kredit müqaviləsi imzalanıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bununla da 2009-cu ildə imzalanan müqavilənin müddəti növbəti 2 il üçün uzadılıb.

Bu kredit müqaviləsi üzrə cəlb edilən vəsait mikro-kreditlərin verilməsinə yönəldiləcək. Qeyd edək ki, bu müqavilə “Incofin” İnvestisiya Fondunun təşkilatçılığı ilə imzalanan 3-cü müqavilədir.

“DəmirBank” kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar