Azərbaycanın sərvətinə müştəri gözü ilə baxanlar hərəkətə keçdi
24 May 2013 Cümə 08:08
Monteneqro, Albaniya, Xorvatiya, Bosniya və Herseqovina TAP və IAP qaz kəmərlərinin tikintisi üzrə memorandum imzalayıb.
Monteneqro, Albaniya, Xorvatiya, Bosniya və Herseqovina hökumət nümayəndələri Transadriatik (Trans Adriatic Pipeline, TAP) və İon-Adriatik (Ionian Adriatic Pipeline, IAP) qaz kəmərlərinin tikintisi üzrə qarşılıqlı anlaşma, dəstək və əməkdaşlıq haqqında memorandum imzalayıb. Bu barədə Monteneqro XİN məlumat yayıb.

Memorandum mayın 23-də Tiranada imzalanıb. Tərəflər qaz kəmərləri layihələrinin inkişafına, maliyyələşməsinə və reallaşmasına yardım etmək, Azərbaycan və Xəzər regionundan qazın qəbulu üçün daxili bazarları hazırlamaq barədə öhdəlik götürüb.

“İştirakçı dövlətlər TAP və IAP layıhələrinə tam dəstəyini ifadə ediblər, bununla da Avropa Birliyinin Avropaya qaz tədarükünün diversifikasiyası və təhlükəsizliyinin təmin olunması məqsədlərinə sadiq olduqlarını bəyan ediblər”, deyə məlumatda bildirilir.

Monteneqro XİN qeyd edir ki, 520 kilometrlik Transadriatik qaz kəməri (layihənin rəsmi saytında TAP-ın uzunluğu 870 km göstərilib) qazın Xəzər regionundan Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub. Plana əsasən, Yunanıstan və Albaniyanı da əhatə edəcək boru Adriatik dənizindən keçərək İtaliyanın şərqindəki Apuliya bölgəsinə çıxacaq.

530 kilometr uzunluğu olan İon-Adriatik qaz kəməri (İAP) əslində Transadriatik qaz kəmərinin (TAP) qolu olacaq. 610,5 milyon dollar dəyəri olan İAP kəməri Albaniyanın Fiyeri şəhərindən Monteneqro və Bosniya və Herseqovina ərazisindən keçməklə Xorvatiyanın Split şəhərinədək uzanacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar