Azərbaycan Türkiyə iqtisadiyyatına 10 milyard dollar yatırıb
16 Dekabr 2011 Cümə 17:43
Səfir: “Bu il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi artaraq 3 milyard dollara çatıb”.
“Bu il İzmirdə keçirilən Strateji Əməkdaşlıq Şurasının toplantısı 2011-də Azərbaycan-Türkiyə münasibətləri kontekstində önəmli hadisələrdən biri olub”. Bu fikirləri bu gün ilin yekunlarına həsr edilmiş mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç söyləyib. İqtisadi münasibətlərə toxunan səfir Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə yatırmasını çox müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu günə kimi enerji sektoru da daxil olmaqda, Azərbaycan Türkiyə iqtisadiyyatına 10 mlrd. dollar sərmayə yatırıb.
Başa çatmaqda olan il ərzində çoxlu sayda ikitərəfli səfərlərin olduğunu xatırladan səfir dövlətlərarası əlaqələrin bütün sahələrdə inkişaf etdiyini söyləyib. Onun sözlərinə görə, bu il ölkələr arasında ticarət dövriyyəsinin həcmi bir qədər də artaraq 3 milyard dollara çatıb: “Hər gün Bakıdan İstanbula və əks tərəfə 6 aviareys həyata keçirilir. Bu, sıx münasibətlərimizin bir göstəricisidir”.
Səfir gələn il Bakıda Strateji Əməkdaşlıq Şurasının iclasının keçiriləcəyini deyib: “Bu, çox mühüm toplantıdır. Bundan savayı Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istismara verilməsini gözləyirik. Enerji sahəsində yeni inkişaf gözləyirik”.
DOSTLARINLA PAYLAŞ: