2 manatlıq eskinas gelir
19 İyul 2013 Cümə 20:31
Ekspertin fikrincə, 1 manatlıq sikkələrə keçid bunu məcbur edəcək.
“Azərbaycanda 1 manatlıq sikkələrə keçməyin vaxtı çoxdan çatıb”. Bunu iqtisadçı ekspert Samir Əliyev Mərkəzi bankın 1 manatlıq sikkələr (metal pullar) buraxılması məsələsini nəzərdən keçirməsi ilə bağlı xəbəri şərh edərək öz “Facebook” səhifəsində yazıb.
İqtisadçı ekspert qeyd edib: “Hökumət 2008-ci ildən başlayaraq bu addımı atmalı idi. Çünki bütün dünyada sınaqdan çıxmış təcrübədir ki, dəmir pulların ömrü kağız pullarla müqayisədə dəfələrlə çox olur. Acı həqiqətdir ki, vətəndaşlarımızda puldan istifadə mədəniyyəti hələ də tam formalaşmayıb. Kağız pulları pul qablarında saxlamaq əvəzinə cibdə səliqəsiz şəkildə saxlayırlar. Mən hələ şəhər nəqliyyatında 1 manatlıq əskinaslar dürmək şəklində büküb avtobusun müxtəlif yerlərinə soxuşdurmaqlarını demirəm. Nəticədə düzgün istifadə olunmayan kağız pullar cırılmağa, əzilməyə, yuyulmağa məruz qalır”.
Ekspert Mərkəzi Bankın sikkələrə keçidə start verməli olduğunu yazır: “Əks halda tez-tez manatlıqlar çap etdirməli olacaq. Bir qanuna uyğundur ki, valyuta dəyərdən düşdükcə ondan istifadə sürəti artır və daha tez-tez aşınmaya məruz qalır. Bunun üçün aşağı nominallı pulları sikkə şəklində buraxırlar”.
Amma bununla yanaşı iqtisadçı dəmir 1 manatlığın yaradacağı problemlərdən danışıb. Onun fikrincə, bu, bankomatlarla bağlı ola bilər: “Bankomatlar ancaq kağız pul üçün nəzərdə tutulub. Bu o deməkdir ki, pensiyaçılar və sosial müavinət alan şəxslər pullarını bankomatdan tam götürə bilməyəcəklər. Ən azı 4 manata qədər pul qalacaq bankomatda. Ancaq bundan çıxış yolu var: yeni nominallı əskinazların dövriyyəyə buraxılması. Söhbət 2 manatlıq əskinaslardan gedir. Bu gün 1 manatlıq əskinasdan sonra 5 manatlıq gəlir. Bu isə ödəniş zamanı problemlər yaradır. Xüsusilə də şəhərarası nəqliyyatda. Dünya təcrübəsində də 2 nominallı əskinaslar var. Məsələn, 2 avro, 2 funt və s.. Hətta sövet dövründə 3 rubl tədavüldə olub. Ona görə Mərkəzi Bank 1 manatlıq sikkələri buraxmaqla yanaşı yeni nominallı pulun 2 manatın da buraxalılması üzərində düşünməlidir”.
DOSTLARINLA PAYLAŞ: