Tortun içindən telefon çıxdı
22 Yanvar 2014 Çərşənbə 19:14
İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 178.3.2; 320.1 və 66.3 maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elşən Əliməstan oğlu Aslanovun yanına qısamüddətli görüşə gəlmiş qaynı vətəndaş Heydər Rahil oğlu Nağızadənin gətirdiyi sovqata baxış keçirilib. Bu zaman tort qabının altındakı kartona izolyasiya edilmiş vəziyyətdə 2 ədəd “Nokia-5310” markalı mobil telefon aparatı, 1 ədəd adi və 1 ədəd naqilsiz qulaqcıq və mobil telefon aparatı üçün elektrik qidalandırıcısının hissələri aşkar edilərək götürülüb.

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 180.1 maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Tariyel Etibar oğlu Məmmədovun üzərinə baxış keçirilərkən ayaqqabısının içərisindən 2 ədəd GSM danışıq kartları aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.





DOSTLARINLA PAYLAŞ:

oyunlar