Rayonlar işıqsız qalıb
04 İyun 2013 Çərşənbə Axşamı 13:29
Təbii fəlakət Azərbaycanın bəzi rayonlarında həyatı iflic edib.
Ötən gündən başlayan güclü külək bəzi regionlarda problemlər yaradıb. Təbii fəlakətin ən çox ziyan vurduğu rayonlar isə Zərdab, Ucar, Şəmkir və Mingəçevir şəhəri olub.

Belə ki, dünən saat 21:00 radələrindən başlayan güclü külək Ucarda elektrik xətlərini sıradan çıxarıb. Rayonun Qarabörək kənd sakini Kamil Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, rayon dünəndən bəri işıqsız qalıb. Bundan başqa, evlərin dam örtükləri dağılıb. Ağaclar isə avtomobillərin üstünə aşıb.

Məsələ ilə bağlı rayon icra hakiminin müavini Nadir Mirzəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, problemin aradan qaldırılması istiqamətində işlər aparılır. Elektirik dirəklərinin bərpası gedir. Rayonun bir çox ərazilərində elektrik enerjisinin verilişi bərpa olunub. Yaxın saatlarda bütün rayonda elektrik tam veriləcək.Evlərin damını uçmasına gəlincə N.Mirzəliyev bildirdi ki, bu barədə onlara müraciət olunmayıb. Sadəcə bir yarımtikilinin damının dağılması barədə xəbərləri var və hazırda orada mütəxəssislər işləyir.

“Küləyin vurduğu ziyan hesablanacaq və sakinlərə yardım olunacaq”. – deyə N.Mirzəliyev bildirib.

Zərdab rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov deyyib ki, güclü külək nəticəsində rayonda bir neçə elektrik dirəyi aşıb, 14 fərdi yaşayış evi və tövlələrin dam örtüyünə ziyan dəyib. Elektrik dirəklərinin aşması nəticəsində axşam saatlarından rayona elektrik enerjinin verilişi dayandırılıb. Səhər tezdən rayon mərkəzinə elektrik enerjisinin verilişi qismən bərpa edilib. Hazırda problemin tam aradan qaldırılması istiqamətində işlər gedir.

Təbiət hadisəsi Şəmkir rayonunda da problemlər yaradıb. Rayon kəndlərində, o cümlədn də Təzəkənddə ağaclar qırılıb. Kənd sakini Tapdıq Əliyevin verdiyi məlumata görə, evlərin dam örtükləri dağılıb. Bundan əlavə 12 sexin tikilisi də ciddi ziyan dəyib.

Təbiət hadisəsi ilə bağlı Fövqəladə hallar Nazirliyi də rəsmi açıqlama yayıb. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən daxil olmuş məlumata əsasən, 03 iyun 2013-cü il tarixində axşam saatlarında respublikanın bəzi şəhər və rayonlarında güclü qərb küləyi qeydə alınıb. Gəncə şəhərində və Şəmkir rayonunda küləyin sürəti saniyədə 40 metrə çatb. İlkin məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Aran, Şimal-qərb və Gəncə Regional Mərkəzlərinin əhatə etdiyi ərazidə müxtəlif təsərrüfat obyektlərinə və infrastrukturlara ziyan dəyib. Hazırda müvafiq komissiyalar yerlərdə dəymiş ziyanı müəyyənləşdirir.











DOSTLARINLA PAYLAŞ:

oyunlar