Niyyəti ürəyində qaldı
18 Sentyabr 2009 Cümə 23:45
Varlanmağın yeni yolunu kəşf edən Lənkəran sakini saxlanılıb
Lənkəran polisi saxta pul kəsib dövriyyəyə buraxan şəxsləri yaxalayıb. Belə ki, rayonunun Boladı kənd sakini Dadaşov Sədiyar Fərman oğlu ərizə ilə şöbəyə müraciət edərək bildirib ki, ötən gün gecə saat 2 radələrində işlədiyi yanacaq-doldurma məntəqəsinə gələn "Mersedes" markalı avtomobildə əyləşən sərnişin 20 litr yanacağın müqabilində ona 100 manatlıq əskinası ödəniş vasitəsi kimi təqdim edib və 89 manat xırdasını alaraq çıxıb gedib.

Maşın məntəqəni tərk etdikdən sonra pulun saxta olduğunu aşkar olunub. Faktla bağlı başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində maşında əyləşən sərnişinin 27 yaşlı Hüseyn Cavadov, sərnişinin isə 23 yaşlı Bəhruz Yaqubov olması müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, əsas işbaz, yəni saxta pulu hazırlayan Bəhruz olub. Özfəaliyyətini isə o, işlədiyi kompüter salonunda skaner vasitəsilə həyata keçirib. Dindirilmə zamanı saxlanılan Hüseyn Cavadov Bəhruzun bu qara işlərindən xəbəri olmadığını bildirib.

İfadəsində Bəhruz bu əməli ehtiyac üzündən deyil, maraq və əyləncə xatirinə etdiyini bildirib. Bölmə rəisinin sözlərindən isə məlum olub ki, Bəhruzun maraqlı anları bundan sonra başlayacaq. Çünki Lənkəran polis şöbəsində onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 204.2 maddəsi ilə cinayət işi başlanıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar