Türkiyənin Manisa vilayətinin Soma rayonunda oktyabrın 1-də özəl mədən ocağında uçqun baş verib. Türkiyə mediasının məlumatına görə, hadisə günorta saat 14 radələrində qeydə alınıb və uçqun nəticəsində yeddi işçi yer altında qalıb. Rəsmi məlumatlara əsasən, iki işçi sağ çıxarılıb, bir işçinin cəsədi tapılıb, dörd nəfərin axtarışı davam edir.
Hadisə yerinə Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) qrupları, jandarma, 112 təcili tibbi yardım və yanğınsöndürmə qüvvələri cəlb olunub. İzmirdən yer altını görüntüləmə və lazerlə uçqun axtarış avadanlığı ilə təchiz edilmiş əlavə AFAD qrupları da bölgəyə göndərilib. Manisa Valiliyi hadisə ilə bağlı böhran mərkəzi yaradıb.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, uçqun altında qalan iki mədənçi sağ-salamat çıxarılaraq tibb işçilərinə təhvil verilib, digər işçilərə çatmaq üçün axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir. Səhiyyə naziri Kemal Memişoğlu bir vətəndaşın həlak olduğunu, xilas edilən iki nəfərin isə xəstəxanada müalicə aldığını və vəziyyətlərinin yaxşı olduğunu açıqlayıb. Xilas edilən işçilər Soma Dövlət Xəstəxanasına aparılıb.
Manisa Valiliyinin məlumatına görə, bir mədən işçisinin cəsədi çıxarılıb, uçqun altında qaldığı ehtimal edilən dörd işçi üçün axtarış-xilasetmə işləri davam edir. Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran xilasetmə işləri üçün bütün imkanların səfərbər edildiyini və vəziyyətin daim nəzarətdə saxlanıldığını bildirib.
Əmək və sosial təminat naziri Vedat Işıkhan həlak olan işçinin ailəsinə başsağlığı verib və hadisənin araşdırılması üçün baş müfəttiş təyin olunduğunu bildirib. Uçqunun səbəbi rəsmi olaraq açıqlanmayıb, faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Soma 2014-cü ilin mayında 301 mədənçinin həlak olduğu Türkiyə tarixinin ən ağır mədən faciəsi ilə yadda qalan bölgədir. Hadisə ilə bağlı rəqəmlər axtarış-xilasetmə işləri davam etdikcə dəyişə bilər; xəbər rəsmi mənbələrin yeni məlumatlarına əsasən yenilənəcək.




Şərhlər