Nepalın Mananq rayonunda yerləşən Himlung Himal dağında (7126 m) sentyabrın sonunda baş vermiş qar uçqununda həlak olanların sayı 15-ə çatıb. "Kathmandu Post" qəzetinin məlumatına görə, oktyabrın 1-də axtarış qrupları daha səkkiz cəsəd tapıb. Uçqun zamanı itkin düşən 16 nəfərdən bir nəfərin axtarışı davam edir.
Hadisə Narpa Bhumi kənd bələdiyyəsi ərazisində, dağın baza düşərgəsi yaxınlığında baş verib. Uçqun altında qalanların hamısı xarici alpinistlər üçün marşrut və düşərgə hazırlayan nepallı bələdçilər və köməkçi heyət olub. Hadisə zamanı düşərgədə xarici alpinist olmayıb. Yerli mediaya görə, itkin düşənlərin əksəriyyəti iki ekspedisiya şirkətinin əməkdaşlarıdır.
Axtarış-xilasetmə işlərinə Nepal Milli Dağ Bələdçiləri Assosiasiyası rəhbərlik edir. Beynəlxalq Dağ Bələdçiləri Federasiyasının sertifikatlı bələdçiləri Pasanq Kaci Şerpa və Bikram Karkinin başçılıq etdiyi təcrübəli alpinist qrupu uçqun sahəsində işləyir. Tapılan cəsədlər helikopterlə Phu kəndinə və rayon mərkəzi Çameyə daşınıb, oradan isə Katmandudakı Tribhuvan Universiteti Tədris Xəstəxanasına göndərilir.
Mananq rayonunun baş inzibati məmurunun köməkçisi Krişna Prasad Paudel bildirib ki, altı cəsəd Phu kəndinə, ikisi isə helikopterlə Çameyə gətirilib. Pasanq Kaci Şerpa şəraitin çətin olmasına baxmayaraq cəsədlərin çıxarılmasına nail olunduğunu deyib. Əvvəlki günlərdə əlverişsiz hava helikopterlərin bölgəyə uçuşunu məhdudlaşdırmışdı. Assosiasiya sonuncu itkin işçinin tapılması üçün bütün mümkün səylərin davam etdiriləcəyini bildirib.
Uçqun Nepalda sentyabrın son həftəsində güclü yağışların səbəb olduğu geniş miqyaslı təbii fəlakətlər fonunda baş verib. "Radio Nepal"ın oktyabrın 1-də yaydığı məlumata görə, sentyabrın 25–27-də davamlı yağışların törətdiyi sürüşmələr nəticəsində təkcə Baqlunq rayonunda 13 nəfər həlak olub; qurbanlar evlərində torpaq altında qalıb. Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Qurumuna (NDRRMA) istinad edən "The Watchers" portalı həmin dövrdə ölkə üzrə 542 hadisənin qeydə alındığını, 227 evin dağıldığını, 31 körpünün zədələndiyini və 2695 nəfərin xilas edildiyini yazır.
Mənbə: The Kathmandu Post, Radio Nepal, The Watchers




Şərhlər