«Meşə qardaşları» ittihamları rədd edirlər
08 Avqust 2009 Şənbə 00:00
Təqsirləndirilən şəxs: "Mənim işim İslam dininə ibadət etmək olub"

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə “Meşə qardaşları” qanunsuz silahlı qruplaşma yaratmaqda və ötən il “Əbu-bəkr” məscidində baş vermiş partlayışda təqsirləndirilən 26 nəfərdən ibarət dəstənin məhkəməsi davam edib. Prosesdə ilk olaraq təqsirləndirilən şəxs Zaur Cəfərov sərbəst ifadə verib. O, ittiham üzrə özünü təqsirli bilməyib. “Silahlı birləşmənin fəaliyyət göstərməsindən xəbərim olmayıb. Telman Abdullayevi və İlqar Mollaçiyevi tanımamışam. Mənim işim İslam dininə ibadət etmək olub», - deyə təqsirləndirilən şəxs məhkəmənin nəzərinə çatdırıb.

Prokuror isə bildirib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəylə məhkəmədə söylədikləri arasında ziddiyyət var və ifadənin elan olunmasını xahiş edib. Təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Zaur Cəfərov həmin ifadədə Qubada dini ibadətlə məşğul olduğunu, Quba dini icmasının rəhbəri Kamran Bozorgi ilə dostluq etdiyini göstərib. İfadəsində Dağıstanda və Çeçenistanda mücahidlərin rus qoşunlarına qarşı cihad etməsi ilə bağlı dəstə üzvləri ilə söhbətlərinin olmasını, həmin cihadın genişləndirilməsi, Azərbaycan sərhədlərini də aşmasını təmin etmək istəmələrini qeyd edib. O, ifadəsində həmçinin göstərib ki, cihadın növləri və təbliğatı barədə Kamran Bozorgi onlara disklər paylayıb.

İbtidai istintaqa verilmiş ifadə elan olunduqdan sonra təqsirləndirilən şəxs məhkəmənin nəzərinə çatdırıb ki, o, istintaqa belə ifadə verməyib. İfadədə göstərilənləri müstəntiq özü yazıb.

Daha sonra məhkəmədə digər təqsirləndirilən şəxslər Rüfət Rzayev və Sərdar Bünyatov ifadə verərək silahlı birləşmə tərkibində iştirak etmədiklərinə görə ittihamlar üzrə özlərini təqsirli bilmədiklərini söyləyiblər.

Esmira Cavadova /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar