Lerikde maşın çaya düşdü
23 Aprel 2013 Çərşənbə Axşamı 14:29
Yaralılardan ikisi ata və oğuldur.
Lerik rayonu ərazisində avtomaşının 6 metr hündürlükdən çaya düşməsi nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, xəsarət alanlardan ikisi ata və oğuldur.
Bu səhər Lənkəran–Lerik yolunun 41–ci km–də, yolun Lerik rayonunun Günəşli kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Lənkəran istiqamətində hərəkətdə olan Bakı şəhər sakini 23 yaşlı Elvin Hafiz oğlu Zülfüqarovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarə etməni itirərək, hündürlüyü 6 metr olan körpüdən çaya düşüb. Hadisə nəticəsində sürücü qəzadan xəsarətsiz ötüşsə də, avtomobildə olan sərnişinlər Lerik rayonunun Cəngəmirən kənd sakinləri 50 yaşlı Vidadi Heybət oğlu Qafarov, onun 25 yaşlı oğlu Orxan və 53 yaşlı Gülnaz İxtiyar qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılardan Gülnaz Məmmədova Lerik rayon mərkəzi xəstəxanasına, ata və oğul isə Lənkəran rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Yerli sakinlər ərazidəki sərt döngədə körpünün dar olması səbəbindən qəzaların tez tez baş verdiyini söyləyir.
Ərazidə araşdırma aparan Lerik rayon polis şöbəsinin əməkdaşalrının verdiyi məlumata görə, qəzaya səbəb sürücünün əlverişsiz hava şəraitində sərt döngəli yolda düzgün manevr etməməsi olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: