İş adamı hebs edildi
07 İyun 2013 Cümə 01:59
“Şəmkir LTD” MMC-nin direktoru 28 min manat vergidən yayınıb.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, Məmmədov Ramik Adil oğlu “Şəmkir LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən 1 noyabr 2004-cü il tarixdən 1 may 2007-ci il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq vergi ödəyicisi kimi qeydiyyatda olduğu Bakı şəhər Vergilər Departamentinin 2 saylı filialına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatlar daxil edib, 28 min 61,69 manat əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayındırıb.

Nazirliyin Analitik informasiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, iş üzrə şahid qismində dindirilmiş bir sıra müəssisələrin vəzifəli şəxsləri sənədlərdə göstərilən mal-materialları R.Məmmədovdan aldıqlarını və pulu, əlavə dəyər vergisi də daxil olmaqla həmin müəssisənin banklardakı hesablaşma hesablarına ödədiklərini göstəriblər. Məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən, “Şəmkir LTD” MMC-nin sənədlərindəki imzaların R.Məmmədova məxsus olduğu dəqiqləşdirilib.

Fakt üzrə Departamentdə 19 mart 2008-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə (külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması) cinayət işi başlanılıb.

Cinayət işi dəlillərlə sübuta yetirildiyindən həmin hərəkətlərinə görə Məmmədov Ramik Adil oğlu 11 avqust 2008-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib, lakin istintaqdan gizləndiyindən və çağırışa gəlməkdən qəsdən boyun qaçırdığından həmin ittihamı ona elan etmək mümkün olmayıb.

R.Məmmədovun Rusiya Federasiyasının Perm şəhərində gizləndiyi aşkar olunduqdan sonra, onun respublikaya ekstradisiyası üçün barəsində həbs qətimkan tədbirinin seçilməsi zərurəti ortaya çıxıb. Bununla əlaqədar olaraq onun cinayət işi üzrə dayandırılmış icraat yenilənib. Təqsirləndirilən şəxs R.Məmmədovun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törədə biləcəyi, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə məhkəmə baxışının normal gedişinə mane olacağı, istintaqdan və məhkəmədən boyun qaçıracağı ehtimalı olduğundan onun barəsində həbs qətimkan tədbiri seçilib. Bu ilin mart ayının 20-də R.Məmmədov Rusiya Federasiyasının daxili işlər idarəsi əməkdaşları tərəfindən tutularaq Azərbaycana ekstradisiya olunub.

Cinayət işinin istintaqı zamanı R.Məmmədov təqsirləndirilən şəxs qismində dindirilib və o, törətdiyi cinayət əməlini etiraf edib. Hazırda dövlətə vurulmuş ziyanın cinayəti törətmiş şəxs tərəfindən ödətdirilməsi və cinayət işinin yekunlaşdırılıb məhkəməyə göndərilməsi üçün zəruri tədbirlər görülür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar