Gülə-gülə cəzalandırıldı...
17 Sentyabr 2009 Cümə Axşamı 20:00
Dəvəçidə "peşəkar" avtoxuliqan tutuldu
Bu gün Dəvəçi RPİ-nin əməkdaşları şəhərin küçələrində avtoxuliqanlıq edən sürücünü saxlayıblar. Saxlanılan şəxs Dəvəçi şəhəri Tofiq Abbasov küçəsi, 21 ünvanında yaşayan 21 yaşlı Seyfulla İlqar oğlu Musayevdir. Dəvəçi rayon polis şöbəsinin rəis müavini Oqtay Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, Seyfulla Musayev VAZ 2107 markalı maşını ilə şəhər sakinlərinin narahat edirmiş. Həmçinin onun maşının qabaq şüşələri standartlara uyğun olmayıb.

Şəhər sakinləri dəfələrlə onun bu hərəkətlərindən şikayət edib. Sentyabrın 15-də Dəvəçi rayon polis əməkdaşlarının onu saxlamaq cəhdləri alınmayıb. Nəhayət ki, o, sentyabrın 17-də cinayət-axtarış, post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun maşını cərimə meydanına, özü isə polis şöbəsinə aparılıb.

Dəvəçi rayon polis şöbəsinin rəisi müavini Oqtay Həsənovun sözlərinə görə, Dəvəçi rayon məhkəməsinin qərarı ilə Seyfulla Musayev İnzibati Xətalar Məcəlləsinin 296.1.2 maddəsi ilə 10 sutka azadlıqdan məhrum edilib. Rəis müavini qeyd edib ki, Seyfulla Musayev ilk belə hadisəni Dəvəçi rayon bazarı qarşısında törədib, ikinci dəfə isə 2009-cu ilin yanvar ayında analoji hadisə törədib.

Üç dəfə azadlıqdan məhrum olunan Seyfulla Musayev ANS PRESS-in müxbirinin suallarını cavablandırmayıb, sadəcə olaraq gülümsəyib.

Dəvəçi rayon polis şöbəsinin rəis müavini Oqtay Həsənov bildirib ki, cinayətkar 10 sutkalıq cəzasını çəkib azadlığa çıxdıqdan sonra analoji hadisəni bir daha törətsə, bu dəfə cinayət məsulliyətinə cəlb olunacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar