GEN MMC-nin vəkilinə xəbərdarlıq
18 Sentyabr 2009 Cümə 14:00
Vəkil isə hakimin şahid kimi dindirilməsi üçün vəsadət qaldırıb
GEN MMC-nin cinayət əməlindən zərərçəkmiş şəxslərin vəkili Vidadi İsgəndərova mətbuata yalan məlumatlar verdiyinə görə, xəbərdarlıq edilib. ANS PRESS-in məlumatına görə, bu barədə qərar Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

Bu gün keçirilən məhkəmə prosesində tərəflər arasında mübahisə düşüb. Təqsirləndirilən Elburus Əliyev bildirib ki, onun ifadələri mətbuatda düzgün yazılmır və bu ictimaiyyətdə ajiotaj yaradır. Təqsirləndirilənlər belə halın bir daha təkrarlanacağı təqdirdə məhkəməyə gəlməyəcəklərini və vəkilin heç bir sualını cavablandırmayacaqlarını bildiriblər.

Hakim E.Vəliyev bir daha mətbuata yalan məlumat ötürərsə, vəkilin məhkəmədən xaric ediləcəyini deyib.

Prosesdə həmçinin V.İsgəndərov vəsadət qaldırıb. O bildirib ki, hakim Eynulla Vəliyev işi düzgün aparmır və zərərçəkənləri təhqir edir. “MTN-ə müraciət edəcəm ki, Eynulla Vəliyev şahid kimi dindirilsin”.
Zərərçəkmiş Qalib Kərimov məhkəməyə etirazını bildirib. Hakim etirazın yazılı surətdə təqdim etdikdən sonra müzakirəyə çıxarılacağını qeyd edib.

Proses davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar