Sumqayıt şəhər sakini olan Natəvan Şamilova paytaxtın Sabunçu rayonunda törətdiyi cibgirliklərə görə saxlanılıb. Hadisə bir neçə ay bundan əvvəl baş versə də, polis bu yaxınlarda Şamilovanın izinə düşüb və tez bir zamanda onu ələ keçirib. Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan Natəvan Şamilovanın hələlik, iki cinayət faktı törətdiyi rəsmi təsdiqini tapıb.
13-cü polis bölməsinin rəisi İltimas Yusifli bildirib ki, hər iki faktın kimlərə qarşı törədildiyi və dəymiş ziyan bəllidir. Zərərçəkmişlərin hər birinə ayrı-ayrılıqda 1000 manatdan artıq ziyan dəyib.
Saxlanılan Natəvan Şamilova müxtəlif bəhanələr gətirərək törətdiyi əməlləri barədə danışmaqdan boyun qaçırsa da, polis onun vətəndaşların cibinə girən zaman istifadə etdiyi eybəcər üsulunu ifşa edib.
Şamilovanın əməlləri barədə hələlik iki şikayət daxil olsa da, polis onun qurbanlarının arta biləcəyini də istisna etməyib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar gedir.