Bu gecə Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Nəsimi rayonundakı Füzuli küçəsində üç nəqliyyat vasitəsi - iki VAZ-2107 və “Honda” markalı avtomaşınlar toqquşub. Hadisə baş verən zaman avtomobillərdən ikisi yolun kənarında dayanıbmış. Belə ki, 90 DC 419 dövlət nömrə nişanlı avtomaşının sürücüsü İsmayıl Hüseynovun sürət həddini aşması və idarəetməni itirməsi nəticəsində avtomobil yol kənarında dayanmış “Honda” markalı maşın, o isə öz növbəsində digər VAZ-2107-yə çırpılıb. Faktı Nəsimi Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları araşdırırıb.
Avtomobili idarə edən İsmayıl Hüseynov hadisə barədə ətraflı heç nə deməsə də, avtomaşını idarə edərkən yuxulu olduğunu və qəza nəticəsində xəsarət alanların olmadığını bildirib. Lakin sonradan məlum olub ki, avtomaşında olan sərnişin-23 yaşlı Bakı şəhər sakini Xəlifəzadə Elxan Elman oğlu müxtəlif bədən xəsarətləri ilə yaxınlıqdakı Fuad Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasına çatdırılsa da, xəsarətlərinin ağır olması səbəbindən yolda dünyasını dəyişib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü İsmayıl Hüseynov isə ifadəsinin alınması üçün idarəyə aparılıb. Qəzanın baş verdiyi ünvanda avtotexniki ekspertiza təyin olunub, araşdırmalar davam edir. /ANS PRESS/