Bakıda törədilmiş qətlin üstü açılıb
16 Aprel 2009 Cümə Axşamı 14:05
Öldürüldükdən sonra yandırılan ana və oğulun hazırda həbsdə olan həmyerliləri tərəfindən öldürüldüyü məlum olub

Paytaxtda altı il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2003-cü ilin aprelində Xətai rayonundakı X.Məmmədov küçəsində yandırılmış vəziyyətdə tapılmış iki şəxsin Gürcüstan vətəndaşı Nazim Acalov tərəfindən öldürüldüyü müəyyənləşib.
Qeyd edək ki, DİN-in Baş Cinayət-Axtarış İdarəsi, Baş Prokurorluq, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Xətai RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2003-cü il aprel ayının 4-ü və 8-də Xətai rayonundakı X.Məmmədov küçəsində yandırılmış vəziyyətdə tapılmış kişi və qadın meyitlərinin şəxsiyyətləri müəyyən edilib. Onlar Gürcüstan Respublikasında anadan olmuş 1980-ci il təvəllüdlü Ramin Əsgərov və onun anası 1957-ci il təvəllüdlü Göyçək Əsgərova olublar. Həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilib ki, ağır cinayət hadisəsi hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Gürcüstan vətəndaşı Nazim Acalov tərəfindən törədilib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar