Bakıda gecə güclü partlayış oldu
13 İyul 2013 Şənbə 10:21
Avtomobildə partlayışdan sonra isə yanğın başlayıb
Bu gecə saat 04:00 radələrində Bakının Xəzər rayonu ərazisində güclü partlayış baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, rayonun Binə qəsəbəsi, Südçülük savxozunda həyət evlərinin birində İsmayıl Məmmədova məxsus “Qaz-24” markalı 85 BY 255 dövlət nömrə nişanlı avtomobil partlayıb. Partlayışdan sonra isə güclü yanğın baş verib.
Avtomobilin sahibinin ANS PRESS-ə verdiyi məlumata görə, maşında əvvəllər texniki nasazlıq olmayıb. Yalnız maşında akumlyator olmayıb.
“Maşını evion yanında saxlamışdım. Gecə partlayış səsinə oyandıq. Maşın alov içindəydi. Nə qədər çalışsaq da, avtomobili söndürə bilmədik. Qonşular da köməyə gəldi. Yanğınsöndürən çağırdıq. Yanğınsöndürən maşın hadisə yerinə yarım saatda sonra gəldi. Hələ bir maşın da yolda azmışdı”, - deyə İsmayıl Məmmədov bildirib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə 2 yanğınsöndürən maşın yollanıb. Onlar hadisə yerinə 10 dəqiqə içində çatıb və alovun evə keçməsinin qarşısı alınıb. Yanğın söndürülüb.
DOSTLARINLA PAYLAŞ: