Azərbaycanda jurnalistlər qəzaya düşdü
02 Aprel 2013 Çərşənbə Axşamı 17:18
Sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq kanala düşüb.
Prezident seçkisi ilə bağlı sorğu keçirmək üçün rayonlara gedən bir qrup jurnalist avtomobil qəzasına düşüb. “Qafqazinfo” xəbər verir ki, hadisə martın 31-də Ağcəbədi rayonunda baş verib. Qəzaya uğraya maşında “525-ci qəzet”in əməkdaşları Bəxtiyar Məmmədli, Tural Həsənov, “Palitra” qəzetindən Fuad Hüseynzadə olub.

Jurnalistlər Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasına daxil olan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin xətti ilə rayonlarda sorğular keçirirlər. Sorğunun məqsədi prezident seçkisi ərəfəsində ölkədəki real vəziyyəti, sosial-iqtisadi problemləri, hakimiyyət və müxalifət namizədlərinin şanslarını, ölkədə inqilabı vəziyyət yaranacağı halda xalqın buna münasibətinin necə olacağını öyrənməkdir. Sorğu bütün ölkəni əhatə edir.

Jurnalistlər Ağcəbədinin Şənlik kəndində sorğu keçirib geri qayıdan zaman əyləşdikləri avtomobil qəzaya uğrayıb. Sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq kanala düşüb. Nəticədə jurnalistlər xəsarət alıblar, onlardan ikisinin Tural Həsənov, Fuad Hüseynzadənin vəziyyəti daha ağır olub. Hadisə yerinə təcili tibbi yardım çağırılıb və xəsarət alanlar Ağcəbədi rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Orada jurnalistlər ilkin tibbi yardım göstərilib və Bakıya yola salınıblar.

Jurnalistlər hadisə barədə dərhal Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbərliyinə məlumat veriblər. Təşkilatçılar qəza haqda mətbuata məlumat verməməyi tapşırıblar və müalicə xərclərini ödəyəcəklərinə söz veriblər. Nəticədə hadisə mətbuatdan gizlədilib. Hazırda jurnalistlərin müalicəsi ev şəraitində davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar