Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu, "Azərbaycanın torpaq bütövlüyü Türkiyə üçün vazkeçilməzdir!",- deyib. ANS PRESS-in "Timeturk"-ə istinadən verdiyi xəbərə görə, doğulduğu Konya şəhərinə səfər edən xarici işlər naziri şəhər rəsmiləri ilə görüşdükdən sonra jurnalistlərin Azərbaycan-Ermənistan münasibətlərinə dair suallarına cavab verib. Nazir Davudoğlu bu problemin yeni olmadığını bildirb: "Bu, illərdir yığılmış bir problemdir. Bizim xarici siyasətimizdə əsas ünsürlər hər zaman bəllidir. Azərbaycanın torpaq bütövlüyü və işğal edilmiş torpaqlarının azad edilməsi Türkiyənin vazkeçilməz şərtidir. Bu, xarici siyasətimizin Zaqafqaziyadakı əsas prinsipidir".
Xarici işlər naziri Əhməd Davudoğlu proseslərin çətinliyinə baxmayaraq, məqsədlərinin Zaqafqaziyada xalqlar arasında sülhü və istiqrarı bərqərar etmək olduğunu deyib. "Əsas məqsədimiz isə Zaqafqaziyada stabilliyi bərqərar və bu coğrafiyada yaşayanların rahatlıq və rifah içində yaşamasını təmin etməkdir. Bu, sadəcə Zaqafqaziya üçün yox, Yaxın Şərq və Balkanlar üçün də belədir. Bəzi proseslərin çətin olacağını bilirik. Amma əldə etmək istədiyimiz nəticə, öz regionunda rahatlığı, təhlükəsizliyi və istiqrarı təmin edən Türkiyədir",-deyə Əhməd Davudoğlu vurğulayıb. /ANS PRESS/