Ramazan ayının iyulun 9-u və ya 10-u başlanması barədə fikir müxtəlifliyi olduğu üçün, əmin olmaq istəyənlər ayın 9-dan ehtiyat etmək məqsədi ilə oruc tutmağa başladlalr. Lakin bu addım, orucu qaçırmamağa xidmət etsə də, Ramazan ayının gündəlik dualarının oxunması, Qədr gecələrinin və Ramazanda baş verən digər tarixi hadislərin hesablanması üçün uyğun deyil və çaşqınlıq yarada bilər. Ona görə də həmin əməlləri yerinə yetirmək üçün Ramazan ayının başlanmasını dəqiq tarixdən hesablamağa ehtiyac var. Bununla bağlı aşağıdakıları qeyd etməliyik.
İstər təzə ayın hilalının gözlə görünməsini, istər onun gözlə görünə bilməsi ehtimalının beynəlxalq astronomik mərkəzlər tərəfindən hesablanmasını, istərsə də Ramazan ayının ölkəmizdə başlanması ilə bağlı əksər mötəbər elm mərkəzlərinin rəyini nəzərə alaraq söyləmək olar ki, Azərbaycanda Mübarək Ramazan ayının rəsmən başlanmasını iyulun 10-dan hesablamaq lazımdır.
Ona görə də Ramazan ayının gündəlik dualarını oxuyarkən 1-ci günün duasını iyul ayının 10-dan başlamaq (9-da oxuyanlar təkrar 10-da oxusunlar), Qədr gecələrini də hesablayarkən iyulun 9-dan 10-na keçən gecəni Ramazanın ilk gecəsi kimi nəzərdə tutmaq lazımdır.
Beləliklə Ramazanın 19, 21, 23-cü gecə Əhya (Qədr) gecələrini qeyd edənlər 27 iyuldan 28-nə, 29 iyuldan 30-na, 31 iyuldan 1 avqusta keçən gecələr(Şiə mənbələri bu gecələri daha mötəbər hesab edir), 27 Ramazanda Qədr gecəsini qeyd edənlər isə (Əhli Sünnə mənbələrində bu gecəyə ehtimal daha çox verilir) avqustun 4-dən 5-nə keçən gecə qeyd edəcəklər.