Azərbaycanın diaspor təşkilatlarının müraciəti
10 Aprel 2009 Cümə 14:15
"Atatürk və Heydər Əliyevin “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət-iki dövlət” prinsiplərinə xəyanət etməməliyik"

Diaspor təşkilatlarından Türkiyə-Ermənistan sərhədlərinin açılması xəbərinə dair etirazlar gəlməkdə davam edir. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məluamtına görə, Ukrayna Azərbaycanlıları Konqresinin bu məsələ ilə bağlı yaydığı bəyanatda deyilir ki, əsrlərlə türk xalqına düşmən kəsilən, yüz minlərlə türkün qanını axıdan, işğalçı Ermənistanla sərhədlərin açılması türk xalqının və türk dünyasının mənafelərinə xidmət etməyən addım ola bilər. Ukraynadakı 500 minlik Azərbaycan diasporu adından ünvanlanan sənəddə UAK ümid edir ki, Türkiyə rəhbərliyi mövcud şəraiti düzgün qiymətləndirərək, bu məsələyə həssaslıqla yanaşacaq və türk dünyasının maraqlarına uyğun addımlar atacaq.
İsveçdə fəaliyyət göstərən "Azərbaycan Naminə" Cəmiyyəti isə Türkiyənin bu ölkədəki Səfirliyinə müraciət göndərib. Müraciətdə deyilir: ”Türkiyənin Ermənistanla sərhədlərini açacağına dair xəbərlər hər bir azərbaycanlı kimi bizi də narahat edir. Düşünürük ki, əsrlər boyu davam edən erməni yalanlarını və vəhşiliklərini dərindən bilən diplomat kimi Siz də sərhədləin açılmasına “yox” deyəcəksiniz. Əks təqdirdə 70 il ərzində bizi bir-birimizdən ayıra bilməyən sovet imperiyasının əlində oyuncağa çevrilmiş ermənilər öz hiylələri ilə buna nail olacaqlar.”
Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi də Türkiyə prezidenti Abdulla Gülə müraciət ünvanlayıb. Gürcüstandakı soydaşlarımızın fikrincə, Dağlıq Qarabağ probleminin həllini ümidlə göslədiyimiz bir vaxtda sərhədlərin açılması məsələsinin ön plana keçməsi həqiqətən də narahatlıq doğurmaya bilməz. Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Abdulla Gülə xitabı belədir: “Biz, Gürcüstanda yaşayan azərbaycanlılar inanırıq ki, bizə dost və qardaş olan Türkiyə Ermənistanla sərhədlərinin açılması məsələsində daha diqqətli olacaq və Türk dünyasının maraqları çərçivəsində əvvəllər də olduğu kimi Azərbaycan Respublikasının mövqeyini dəstəkləyərək, Dağlıq Qarabağ münaqişəsinin həllini önə çəkəcək və onun ədalətli həlli üçün öz səylərini daha da artıracaq. Biz ümid edirik ki, böyük Türkiyə Cümhüriyyəti bütövlükdə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında öz dəyərli tövhəsini verəcək”.
Qazaxıstanda yaşayan azərbaycanlılar adından Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə “Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı” münasibət bildirib. Bu diaspor təşkilatının Türkiyə Cumhuriyyətinin prezidenti Abdulla Gülə ünvanlanmış bəyanatında bildirilir ki, erməni hərbi birləşmələrinin ötən əsrin 90-cı illərinin əvvələrində Azərbaycan torpaqlarını işğal etməsindən sonra Vətənimizin ərazi bütövlüyünün bərpasında həmişə qardaş Tüykiyənin dəstəyinə güvənmiş və Sizə nicat yolu kimi baxmışıq. Türkiyə dövləti də həmişə bu məsələni öz xarici siyasətinin prioritetində saxlayıb. Türkiyənin Ermənistanla sərhədlərini açacağı barədə xəbərlərdən təəssüf və narahatlıq keçirən soydaşlarımızın bəyanatında daha sonra deyilir: “Biz, Qazaxıstanda yaşayan azəri və türk birlikləri, icmaları inanırıq ki, Türkiyə dövləti öz prinsiplərinə sadiq qalacaq, Azərbaycan maraqlarına zidd addım atmayacaq, Vətənimizin ərazi bütövlüyünün bərpasında bizə layiqli kömək göstərəcək.”
Özbəkistanda yaşayan azərbaycanlılar da Türkiyə prezidentinə müraciət göndəriblər. Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının Abdulla Gülə müraciətində deyilir: “Sizə və hakim Ədalət və İnkişaf Partiyasına bildiririk ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yönəlmiş siyasətin qəti əleyhinəyik. Türk dünyasının ulu öndərləri Atatürk və Heydər Əliyevin “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət-iki dövlət” prinsiplərinə xəyanət etməməliyik. Ümid edirik ki, Türkiyə prezidenti, baş naziri, millət vəkilləri və bütün ictimaiyyət tarixin bu önəmli mərhələsində də Azərbaycanın yanında olacaq və öz həmrəyliyini nümayiş etdirəcək”. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar