«Əfqanıstanda keçiriləcək prezident seçkisi ölkəyə sabitlik vəd etmir». Bu barədə politoloq Vəfa Quluzadə bu ölkədə avqustun 20-də keçiriləcək prezident seçkisini ANS PRESS-ə şərh edərkən bildirib. «Əslində bu seçki heç bir şeyi həll etmir. Amerika və NATO ordusu Əfqanıstanda yerləşdirildiyindən, seçki ABŞ-ın dəstəyi ilə keçirilir. Seçki baş tutacaq. Çünki seçkidə Talibanın nümayəndəsi iştirak etmir. Şanslı namizədlər, istər Kərzayi, istərsə də Abdullah amerkiayönlü namizədlərdir»,-deyə politoloq qeyd edib.
Əfqanıstanda ümumi vəziyyətə gəldikdə isə, V.Quluzadə hesab edir ki, uzun müddət qeyri-sabitlik olacaq: «Amerika özünün strateji maraqlarını həyata keçirmək üçün uzun müddət Əfqanıstanda yuva salacaq. Bu da yalnız şəhərlərində, Kabildə, Qəndəharda mümkün olacaq. Səhra və dağlar həmişə işğalçılar üçün təhlükə törədəcək».
V.Quluzadənin sözlərinə görə, Amerika Əfqanıstanda əsgəri bazalarını saxlayacaq, əhalinin əksəriyyətini öz tərəfinə çəkməyə çalışacaq: «Həm də müharibə aparacaq və bu antiterror müharibəsi uzun çəkəcək».
Politoloq bu fikirdədir ki, Amerikanın Asiyada xüsusi maraqları var və bu ölkə Asiyada nəzarəti bərqərar etmək istəyir: «Amerika Birləşmiş Ştatları yaxın vaxtlarda Orta Asiyaya tam nəzarət edəcək». /ANS PRESS/