Azərbaycanda ödənişli təhsil üzrə qəbul planının ləğvinə aydınlıq gətirildi
25 Oktyabr 2013 Cümə 18:00
Azərbaycanda dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi məsələsinə aydınlıq gətirilib.
Azərbaycanda dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi məsələsinə aydınlıq gətirilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi nəzərdə tutulur.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Əhməd Vəliyev Trend-ə bildirib ki, indiyədək istər dövlət sifarişli, istərsə də ödənişli əsaslarla olan plan yerləri üzrə qəbul planı dövlət tərəfindən təsdiq edilirdi. Ancaq hazırda dünyada ödənişli əsaslarla plan yerlərinin dövlət tərəfindən təsdiq edilməsi təcrübəsi yoxdur. Ona görə də dünyada qəbul olunmuş bu təcrübə strategiyada da nəzərə alınıb: "Ödənişli əsaslarla təhsil almaq istəyənlər üçün artıq qəbul planı təsdiqlənməyəcək. Ödənişli əsaslarla tələbə qəbulunun aparılma qaydaları hələ hazırlanmayıb. Ancaq bu qəbulun ali məktəblərin öz xətti ilə aparılacağı gözlənilmir. Bu gün həm ödənişli, həm də dövlət əsaslı plan yerləri üzrə tələbə qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır".

Ə.Vəliyev deyib ki, dünya təcrübəsinə görə hər bir abituriyent orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsasında təhsil almaq istədiyi universiteti özü seçir və sənədlərini internet vasitəsilə təqdim edir. Universitet öz şərtlərini nəzərə almaqla tələbəni ali məktəbə qəbul edir.

Universitetlərə ödənişli əsaslarla tələbə qəbulunun hansı formada aparılacağı barədə hələ məlumat verə bilməyən Milli Məclis üzvü qeyd edib ki, bu məsələnin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi gözlənilir.

Ə.Vəliyevin sözlərinə görə, dövlət hansı ixtisaslar üzrə tələbə qəbulunun aparılacağını və hansı universitetlərdə kadrların hazırlanacağını müəyyən edəcək.

Dünyada da belə bir təcrübənin tətbiq edildiyini deyən Ə.Vəliyev qeyd edib ki, Azərbaycanda ali məktəblər Təhsil Nazirliyinin verdiyi lisenziya əsasında fəaliyyət göstərir. Həmin lisenziya ilə də ali məktəblərin hansı ixtisaslar üzrə kadr hazırlaya biləcəkləri müəyyənləşir. Azərbaycanda dövlət iqtisadiyyat sahəsi üzrə kadrların hazırlanmasını sifariş etmək istəyirsə, onda lisenziya əsasında həmin sahələr üzrə kadr hazırlığı aparan bütün ali məktəbləri bu prosesə cəlb edə bilər.

Komitə üzvü bildirib ki, ali məktəbin ödənişli əsaslarla hansı sayda tələbə qəbulu aparacağı barədə qərar verilərkən onun maddi-texniki bazası və binasının tələbə tutumu nəzərə alınmalıdır: "Yəqin ki, bu işlə Təhsil Nazirliyi məşğul olacaq. Bütün ali məktəblərin maddi-texniki bazası, tələbələrinin sayı haqqında Təhsil Nazirliyində məlumat var. Əgər ali məktəbin 500 tələbə oxutmaq imkanı varsa, artıq 501-ci tələbəni oxutmamalıdır".


DOSTLARINLA PAYLAŞ:

oyunlar