Xanlar Vəliyev: Orduda ağır cinayətlər ildən-ilə azalır
18 İyun 2012 Bazar Ertəsi 12:00
Azərbaycanın hərbi prokuroru hərbi birləşmələrdə də cinayət hadisələri, qəsdən adamöldürmə hallarının olduğunu deyir.
“Hərbi birləşmələrdə də cinayət hadisələri, hətta qəsdən adamöldürmə halları da baş verir. Ancaq xoşagələn hal odur ki, bu hadisələrin tempi inkişaf etmir, əksinə geriləməyə doğru gedir”. APA-nın məlumatına görə, bunu Azərbaycanın hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev deyib. X.Vəliyev bildirib ki, bu cür ağır hadisələr istər Müdafiə Nazirliyi, istər Dövlət Sərhəd Xidməti, istər Daxili Qoşunlar, istərsə də başqa strukturların tərkibindəki silahlı birləşmələrdə ildən-ilə azalır: “Xüsusi olaraq qeyd etmək istəyirəm ki, ordumuzda ağır cinayət halları - fərarilik, xidmətdən yayınma cinayətləri kəskin azalır. Vaxtilə bu cinayətlərin sayı minlərlə, on minlərlə idisə, bu gün bu hallar kifayət qədər azalıb”.
Silahlı qüvvələrdə ağır cinayətlərin baş verməsinin səbəbləri barədə danışan X. Vəliyev deyib ki, orduda xidmət edənlərin böyük əksəriyyətinin gənclər olduğu nəzərə alınmalıdır: “Bu hərbi hissələrin böyük əksəriyyəti düşmənlə üz-üzə mövqedə yerləşir. Yəni bütövlükdə xidmət şəraiti ağırdır. Bununla bağlı təbii ki, müəyyən psixoloji gərginliklər olur. Bu səbəbdən də müəyyən cinayət hadisələri törədilir. Gənc adamlardır, bəzən onların bu və ya digər şıltaqlıqları, səhvləri səbəbindən də hadisələr törənir. Digər tərəfdən isə hərbi hissələrdə komandirlərin müəyyən qanunsuzluqları cinayət hadisələrinin baş verməsinə gətirib çıxarır”.
DOSTLARINLA PAYLAŞ: