"Eurovision-2012" keçirilən müddətdə paytaxt küçələrinə nəqliyyatın hərəkəti seyrəkdir.
Paytaxt sürücüləri arasında belə bir fikir var: “ Ölü saatda şəhərə çıxma”. Sürücülərin öz aralarında ölü saat adlandırdıqları bu vaxt gün ərzində 2 dəfə bir səhər saatlarında, bir də axşam, yəni iş gününün sonunda olur. Təbii ki, söhbət paytaxtda ucu-bucağı görünməyən tıxaclardan gedir. Son günlər isə müsabiqə dövründə bu deyim qüvvədən düşüb. Paytaxt ərazisində hər gün təqribən saat 17-dən 21-dək heç bir tıxac yaranmır. Saat 19:00 radələrində şəhərin ən çox tıxac olan kuçələrində apardığımız müşahidələrdən məlum olurdu ki, yol kənarında avtomobillərin saxlanmasına qadağa qoyulması əməlli başlı işə yarayıb. Məsələn, başlayaq Qoşa Qala Qapısının qarşısından. Hər gün Əziz Əliyev küçəsində avtomobil sürücülərinin qazdan çox əyləc pedalını sıxa- sıxa mənzil başına doğru hərəkət edirdilərsə, bu gün bunun tam əksi idi.
Elə çəkiliş apardığımız zaman Əziz Əliyev küçəsi ilə Neftçilər pospektinin kəsişməsində bir avtomobilin xarab olması diqqətimizi çəkdi. Dərhal evakuator çağırıldı və nəqliyyat vasitələrinin hərəkətinə mane ola biləcək avtomobil evakuatora yüklənərək ərazidən kənarlaşdırıldı. Bulvar boyu uzanan Neftçilər prospektində də olduq. Yol polisi inspektoru Əli Filankəsov prospektə tam nəzarət olunduğunu və adətən, tıxac vaxtı olmasına baxmayaraq, hərəkətin normal olduğunu dedi.
Yolların bu qədər boş və maneəsiz olması sərnişinləri nə qədər çox sevindirirdisə, taksi və avtobus sürücülərini bundan ikiqat daha çox xoşbəxt etmişdi. Axı, onlar bu maneəsiz yollarda öz sərnişinlərinin yanında üzüağ çıxmışdılar.
Qeyd edək ki, paytaxt yollarında avtomobillərin maneəsiz hərəkətinin başlıca səbəb kimi yol kənarındakı avtomobillərin yığışdırılması və bəzi nəqliyyat vasitələrininin istiqamətinin dəyişdirilməsi ilə bağlıdır.