Təmiz Şəhər ASC III Tələbə Yay Məktəbi keçirəcək
03 İyul 2012 Çərşənbə Axşamı 09:54
Təmiz Şəhər ASC Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan IDEA kampaniyası ilə birgə iyulun 5-10-da «Gənclər təmizlik naminə» devizi altında Şəkidə III Tələbə Yay Məktəbi təşkil edəcək.
«Təmiz Şəhər» ASC-dən «APA-EConomics»ə verilən məlumata görə, yay məktəbinin təşkilində məqsəd gənclərin tullantılarının düzgün idarə edilməsi və «yaşıl düşüncə» sahəsində biliklərinin artırılması və beləliklə bu sahədə aktiv fəaliyyət göstərən gənc mütəxəssislərin yetişdirilməsidir.
Qeyd edək ki, «Təmiz Şəhər» ASC tərəfindən yay məktəblərinin keçirilməsi artıq ənənəyə çevrilib. Şəki şəhərində keçiriləcək III Tələbə Yay Məktəbi 2010-cu il –«Ekologiya ili» çərçivəsində Quba şəhərində təşkil olunmuş «Təmiz şəhər naminə» Yeniyetmələr üçün Yay Məktəbinin və 2011-ci ildə Lənkəran şəhərində təşkil olunmuş «Gənclər təmizlik naminə» Tələbələr üçün Yay Məktəbinin davamıdır.
Yay məktəbində iştirak ödənişsizdir, nəqliyyat, qida, yaşayış, təlim-tədris «Təmiz Şəhər» ASC tərəfindən təmin olunacaq.
Yay məktəbi «Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.
DOSTLARINLA PAYLAŞ: