Qobustanın içməli su təchizatı yenidən qurulacaq
20 İyun 2012 Çərşənbə 15:48
Layihənin birinci mərhələsi üzrə görülən işlərin açılış mərasimi keçirilib.
Qobustan şəhərinin içməli su təchizatının yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə görülən işlərin açılış mərasimi keçirilib. Mərasimdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
ANS PRESS-ə verilən məlumata görə, açılış mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Qobustan şəhərinin su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı çərçivəsində həyata keçirilir və 2014-cü ilin sonuna qədər Qobustan şəhərinin və 7 kəndin içməli su təchizatı yenidən qurulacaq: “2011-ci ildə icrasına başlanmış layihənin artıq 1-ci mərhələsi yekunlaşaraq bu gündən ilk suyun Qobustan şəhəri sakinlərinə verilməsinə başlanılıb. Növbəti mərhələdə isə Azərbaycan Hökumətinin Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirəcəyi layihəyə uyğun olaraq Qobustan şəhərinin və 7 kəndin içməli su şəbəkəsi tamamilə yenidən qurulacaq, şəhərdə kanalizasiya şəbəkəsi yaradılacaq, çirkab sutəmizləyici qurğu tikiləcək. Layihə çərçivəsində tender elan olunub və 2012-ci ilin ikinci yarısında tikinti işlərinə başlanacaq.”
Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasının rayonun sosial-iqtisadi inkişafına və əhalinin həyat şəraitinin yaxşılaşmasına xidmət etdiyini qeyd etmiş və rayon sakinləri adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
“Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Qobustan şəhəri, Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Ərəbqədim, Cəmcəmli, Göydərə kəndlərini əhatə edir və ümumilikdə 20 minə yaxın insanın içməli su təchizatının yaxşılaşmasına hesablanıb. Qobustan şəhərinin və 7 kəndin keyfiyyətli və dayanıqlı su təchizatının aparılması üçün Təsi kəndi yaxınlığında - Qobustan şəhərindən 21 km uzaqlıqda qazılmış subartezian quyularından istifadə olunacaq.
Layihənin 1-ci mərhələsinə uyğun olaraq quyu sahəsində artıq 2 subartezian quyusu qazılaraq istismara verilib və onların suyu Qobustan şəhərinə nəql olunur. İçməli suyun nəqli və səmərəli paylanması məqsədilə Bədəlli və Daşarası kəndlərində hər birində tutumu 1000 kubmetr olan 2 su anbarı, Təsi və Bədəllidə qaldırıcı nasos stansiyaları tikilib istifadəyə verilib. 2011və 2012-ci ilin yanvar-may aylarında dövlət büdcəsindən ayrılan investisiya hesabına Quyu zonasından Bədəlli su anbarı meydançasına qədər 5922 metr (325 mm diametrli), Bədəlli su anbarı meydançasından Daşarası su anbarına qədər 8962 metr (250 mm diametrli), Daşarası su anbarınadan Qobustan şəhərinə qədər isə 5300 metr (219 mm) uzunluğunda polad borularla magistral su xətti çəkilmişdir.
Layihənin növbəti mərhələsində 8 ədəd subartezian quyusu qazılacaq, ümumi tutumu 5000 kubmetrdən artıq 10 su anbarı inşa olunacaq.
Bununla paralel Qobustan şəhərində 60 km uzunluğunda paylayıcı su xətti, 60 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, xlorator və Sukanal İdarəsi üçün inzibati bina və anbar tikiləcək, kəndlərdə isə 30 km-dən artıq paylayıcı su xətti çəkiləcək. Layihədə hər bir evdə su sayğacının quraşdırılması da nəzərdə tutulur.
“Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrası 2014-cü ildə başa çatacaq, nəticədə Qobustan şəhəri və 7 kənddə 20 minə yaxın insanın su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.
Qeyd edək ki, “Azərsu” ASC hazırda Qobustan şəhərinin 8300 sakinindən cəmi 1960-na (400 abonent) və ya təqribən 25 %-nə xidmət göstərir. Şəhər əhalisinin qalan hissəsi isə suyu fərdi qaydada maşınlarla alır. Qobustan şəhərində kanalizasiya şəbəkəsi ümumiyyətlə yoxdur.
DOSTLARINLA PAYLAŞ: