Qaradağda vahiməli anlar
19 İyun 2012 Çərşənbə Axşamı 23:18
Puta qəsəbəsində Azərbaycana xas olmayan təbiət hadisəsi baş verib.
Azərbaycanda indiyə qədər görünməmiş qasırğa Bakının Qaradağ rayonunda baş verib. Okeanın o tayında hakim olan təbiətin qasırğa adlı şıltaqlığını yalnız kadrlarda izlədiyimiz görüntüsünü bu dəfə Qaradağ camaatı gözü ilə izləyib.

Bu gün axşam saat 17:45 radələrində Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində Azərbaycana xas olmayan təbiət hadisəsi baş verib. Ərazidə mədəndə çalışan işçilər havanın qəflətən dəyişməsi ilə qara buludların toplaşdığını və burulğan şəklində hərəkətə gələrək dənizə tərəf istiqamətləndiyinin şahidi olublar. Burulğan Güzdəkdəki cəzaçəkmə müəssisəsi üzərindən hərəkət edərək oradakı obyektlərin damını uçurub və elektrik dirəklərində qısa qapanma yaradıb. Mədəndə çalışanlar hadisənin vahiməli olduğunu və gördüklərindən təəccübləndiklərini dedilər.

Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, bu gün saat 18:00-a olan proqnozda qeyri- adi heç bir hadisəyə rast gəlinməyib. Amma həmin vaxt Qaradağ rayonu ərazisində sürəti 16-20 metr saniyə olan şimal-qərb küləyi müşahidə olunub. Küləklə birlikdə yağışın yağması və eləcə də şiddətli şimşək çaxması küləyi gücləndirib. Şimşəklə müşayət olunan proses qeyri- adi təbiət hadisəsinin baş verməsinə səbəb ola bilər.






DOSTLARINLA PAYLAŞ:

oyunlar