Qarabağdan Anadoluya könül körpüsü
31 İyul 2012 Çərşənbə Axşamı 15:32
Bərdənin mərkəzi parkında “Qarabağdan Anadoluya könül körpüsü” adlı proqram çərçivəsində Bərdə, Ağdam və Kəlbəcərdən qaçqın və köçkün düşmüş insanlar, onların ailələri üçün konsert keçirilib.
APA-nın xəbərinə görə, tədbir millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Aşıq Şəmşir Mədəniyyət ocağının təşkilatçılığı ilə baş tutub. Tədbirdə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayeva, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Avropa Qəzetçilər Birliyinin sədri Adnan Fişəng, Türkiyənin tanınmış sənətçisi Nursaç Doğanişıq, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva, Təbriz-Qaradağ aşıq qrupu, rayon ictimaiyyəti və ziyalılar iştirak edib.
Tədbiri Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev açıb. Millət vəkili Qənirə Paşayeva ilk növbədə “Qarabağdan Anadoluya könül körpüsü” adlı proqramın məqsəd və məramını açıqlayıb. Bərdədə 50 mindən artıq məcburi köçkünün yaşadığını qeyd edən millət vəkili Qənirə Paşayeva torpaqlarımızın işğaldan azad olunacağı günün çox yaxın olduğunu vurğulayıb.
Tədbirə aparıcılıq edən Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva ifaya millət vəkili Qənirə Paşayevanın sözlərinə yazılmış “Anam Azərbaycan” və “Biz gəlirik” mahnıları ilə başlayıb. Türkiyənin tanınmış sənətçisi Nursaç Doğanişıq hər kəsi salamlayaraq öz vətəninə gəldiyini vurğulayıb.
Sonra konsertdə digər ifalar dinlənib. Tədbirin sonunda Türkiyənin tanınmış sənətçisi Nursaç Doğanişık Azərbaycanın əməkdar artist Tünzalə Ağayeva ilə birlikdə duet ifa edib.
DOSTLARINLA PAYLAŞ: