Naxçıvan MR-in sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 10 milyon manat ayrıldı
30 May 2012 Çərşənbə 12:40
Prezident bununla bağlı sərəncam imzalayıb.
Azərbaycanın zəngin mədəniyyətə malik olan Naxçıvan Muxtar Respublikası çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçərək ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynayıb.

Blokada şəraitində olmasına baxmayaraq Naxçıvan Muxtar Respublikası öz qədimliyini və tarixiliyini qorumaqla bu gün də sürətlə inkişaf edir. Burada bir sıra mühüm infrastruktur layihələri uğurla həyata keçirilmiş, Beynəlxalq Hava Limanı, elektrik stansiyaları, idman kompleksləri, təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri inşa edilmiş, yeni yollar çəkilmiş, istehsal müəssisələri yaradılmışdır. Şəhər və rayon mərkəzlərində, ayrı-ayrı yaşayış yerlərində milli və müasir memarlığın nailiyyətlərini özündə əks etdirən meydanlar, istirahət bağları və parkları, müasir üslublu tikililər, milli arxitekturalı binalar ucaldılmış, neçə-neçə tarixi memarlıq abidələri bərpa edilərək əvvəlki görkəminə qaytarılıb.

Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni irsinin və milli memarlıq ənənələrinin qorunub saxlanılması, şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10,0 (on) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.


DOSTLARINLA PAYLAŞ:

oyunlar