Lənkəranda turizm mövsümünə start verilib
09 İyun 2012 Şənbə 19:33
Cənub bölgəsinin turizm obyektlərində artıq sıxlıq müşahidə olunur.
Turizm mövsümü başlayandan bəri Azərbaycanın bölgələrinə gələn turistlərin sayı artıb. Cənub bölgəsinin turizm obyektlərində artıq sıxlıq müşahidə olunur.

Bu yay Lənkəranın turizm obyektlərində qiymətlərdə heç bir endirim gözlənilmir. Üstəlik, istirahətini burada keçirmək istəyən turistlər yer problemi ilə də üzləşə bilər. Çünki, mövsümün yeni başlanmasına baxmayaraq, turizm obyektlərində sıxlıqdır.

Lənkərandakı istirahət mərkəzlərindən birinin əməkdaşı Elman Əliyev deyir ki, fəaliyyət göstərdikləri 6 il ərzində hələ belə bir turist axını olmamışdı: “Turistlər olduqca çoxdur. Qiymətlər 40 manatdan başlanır. Turist axını o qədər çoxdur ki, turist qəbul etməyə yerimiz yoxdur. Dünya təcrübəsində də görünür ki, belə hallarda endirimlər olmur”.

Qeyd edək ki, veteran ağır atletlər arasında Avropa çempionatının Lənkəranda keçirilməsi bölgəyə xarici turistlərin böyük axınına səbəb olub. Çempionata 300-ə qədər idmançının və xeyli sayda azərkeşin qatılması Lənkəranın turizm obyektlərində əsil basdırıq yaradıb. Gələn xarici turistləri isə buranın unikal təbiəti və zəngin mətbəxi valeh edir. Qadın atletlər arasında dəfələrlə Avropa çempionu olmuş Natalya Şavçuq Lənkərana yenidən gələcəyini deyir.

Onun sözlərinə görə, buranın dənizi, havası, təbiəti çox xoşuna gəlib: “Hər şey çox yaxşıdır. Biz ötən çempionatda Kiprdə idik. Bura oradan yaxşıdır. Bura elə bil oazisdir”.

Xarici turistlər cənub mətbəxinə və təbiətinə nə qədər vurğun olsalar da onları narazı salan məqamlar da var.

Rusiyalı turis Yuri Savçuq deyir ki, burada xoşuna gəlməyən dənizin sahilinin daşlıq, özünün zibilli olmasıdır: “Mənə elə gəlir ki, Lənkəranın turizm sahəsində böyük gələcəyi var. Burada gələcəkdə böyük plyaş, çoxlu turist və yaxşı gəlir olacaq. Meyvə, göyərti, yemək sarıdan isə bolluqdur”.

Ukraynalı turist Pyotr Maslaçenko isə deyir ki, yeganə xoşuna gəlməyən Bakıdan bura sərfəli marşrutun olmamasıdır ki, bu da gediş-gəlişi çətinləşdirir: “Lazım gəlir ki, bura gəlmək üçün özün nəqliyyat tapasan. Həm də bura mərkəzdən 300 km-ə qədər uzaqdır”.

Lənkəranın turizm obyektlərini istirahət məkanı seçənlər arasında yerli turistlər də çoxdur. Onların əksəriyyəti paytaxt Bakdan ailəvi istirahətə üstünlük verənlərdir. Turustləri Lənkərana cəlb edən isə dəniz, dağ, meşə faktorunun olmasıdır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar