Kəmaləddin Heydərov yenidən Zaqatalaya gedib
19 May 2012 Şənbə 21:33
Rayonda baş vermiş zəlzələdən sonra bir neçə kənddə dağıntılar və catlar əmələ gəlib.
Zaqatalada ötən gün baş vermiş zəlzələdən sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov yenidən Zaqatalaya gedib. Dağıntıya məruz qalmış kəndlərin sakinləri ilə görüşən nazir, yeni evlərin sökülməsi istiqamətində artıq işlərin başladığını bildirib. Kəmaləddin Heydərovun sədrliyi ilə zəlzələ bölgəsinə daxil olan rayonların icra hakimiyyəti başçılarının iştirakı ilə müşavirə keçirilib.

Baş verən zəlzələdən sonra fövqaladə hallar naziri Kəmaləddin Heydərov bir necə kənddə sakinlərlə görüşüb. Nazir yeni evlərin sökülməsi istiqamətində artıq işlərin başladığını bildirib.

Zaqatalada ötən gün baş verən təkrar təkandan sonra rayonda və ətraf kəndlərdə dağıntılar və çatlar əmələ gəlib. Zaqatala Mərkəzi Rayon Xəstəxanasının hasarının 25 metri uçub. Bunun da nəticəsində həkimlər və xəstələr evakuasiya olunub. Yuxarı Tala, Car, Çobankol, Sumaylı, Gözbarax, Lahıc, Sabunçu kəndlərində bir neçə ev qəzalı vəziyyətə düşüb. Kəndlərə elektrik enerjisinin təminatı dayandırılıb.

Zaqatal Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, zəlzələ nəticəsində bir neçə nəfər əzik və stress diaqnozu ilə xəstəxanaya gətirilib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gözbarax və Mamrux kəndlərində inşa ediləcək məktəb binalarının layihəsi ilə tanış olub. Daha sonra sakinlərlə görüşən nazir qəzalı vəziyyətdə olan evlərin sökülməsi istiqamətində işlərin başladığını və yerində müasir standarlara cavab verən evlərin tikiləcəyini bildirib.

Onnun sözlərinə görə, ilk növbədə məktəblərdə əsaslı təmiri və tikinti işləri həyata keçiriləcək: “Yeni dərs ili başlayanadək məktəblərdə təmir-tikinti işləri başa çatdırılacaq. Əsas məsələlərdən biri də uçmuş və qəzalı vəziyyətə düşmüş evlərin qalıqlarının təmizlənməsi və yeni layihələrin tikintisinə başlamaqdır. Bu prosesə də artıq start verilib. Bu, təkcə Zaqatalada deyil, Qax və Balakən rayonlarında da paralel olaraq həyata keçirilir”.

Qeyd edək ki, Fövqaladə Hallar Nazirliyinin Zaqatalaya ezam olunan əlavə canlı qüvvəsi çadırların quraşdırılması istiqamətində işləri davam etdirir.

K. Heydərov bildirib ki, yeni zəlzələnin baş verib-verməməsinə heç kim təminat verə bilməz: “Ona görə də əhalidən qəzalı vəziyyətdə olan binalara daxil olmamağı xahiş edirəm. Son təkanlardan sonra komissiyaların əvvəl baxış keçirdiyi bütün evlərə yenidən baxılacaq, həmin evlərin yeni vəziyyəti dəyərləndiriləcək”.

Qeyd edək ki, əhaliyə müvəqqəti sığanacaq üçün 6 ədəd 5 nəfərlik və 9 ədəd 50 nəfərlik çadırlar quraşdırılıb. Çadırlarda yaşayan insanlar yemək, tibbi ləvazimatlar və maddi ləvazimatlarla təmin olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar